Görkəmli avstriyalı rəssam Qustav Klimt (1862-1918) Romadakı Modern Sənət Qalereyasında sərgilənən bu yağlı boya tablosu haqqında çox yazılar yazılıb. Hər yazıda da müəlliflər bu bənzərsiz əsərə öz interpretasiyalarını veriblər.
Zənnimcə Klimtin ən sirli rəsm əsəridir. Rəssam sevinc və kədəri eyni anda rəsm edib, həyat və ölümün vəhdətini göstərə bilib.
Balaca qız uşağının anasının qoynuna sığınmasındakı səadətlə ölümü çağrışdıran yaşlı qadının ziddiyyəti heyrətamizdir… Gəncliyin və sağlam ruhun yumşaq mavi rəngləri ilə qocalığın xəstə sarı rəngi və quruyub qaxaca dönmüş bədən…
Kimi də bu tabloda “memento mori” çağrışını görür. Ancaq nə qədər ölümü unutma deyilsə də Klimpt həyatın ölüm üzərindəki qələbəsinə vurğu yaparaq Yaradılışın nüvəsinə qarşı etiraz etmir – Ölüm varsa, həyat da vardır…
Klimt əsərini “Qadının üç yaşı” adlandırıb. Tabloya “Həyatın üç mərhələsi” adı sanki daha çox yaraşardı. Uşaqlıq, yetkinlik və qocalıq… uşağın məsumluğunu, ananın şəfqəti və yaşlı qadın həyatın keçici, lakin möhtəşəm gözəlliyi…
Klimt bir dahi idi…