AZ

''Beşiktaş'' prezidenti digər nəhənglərin kölgəsində qalmaları haqda nə dedi?

''Beşiktaş'' prezidenti Sərdar Adalı yeni transferlər Keni Arroyo və Elan Rikardonun imza mərasimində diqqətçəkən açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, Adalı ''Fənərbaxça'' ilə ''Qalatasaray'' rəqabətinin Türkiyə futbolunda ön plana keçməsi, ''Beşiktaş''ın isə bir qədər kölgədə qalması barədə suala belə cavab verib:

''Türkiyə çempionatının tədricən iki komandanın mübarizəsinə çevrilməsi barədə deyilənlərlə razı deyiləm. Düzdü, son 3 mövsümdə futbolda nəticələrimiz ürəkaçan deyil. Amma aradakı fərq təkcə futbol komandası ilə yox, bütöv camiə ilə ölçülməlidi. Biz camiə olaraq o biri ikisindən bir santimetr belə geridə deyilik. Türkiyədə ən böyük camiə ''Beşiktaş''dı. Komandanın çətin durumdan keçməsi və ya çempion ola bilməməsi ''Beşiktaş''ın böyüklüyünə təsir edə bilməz. Bir böyük camiə 2-3 il çempion olmamaqla böyüklüyünü itirmir. ''Fənərbaxça'' ilə ''Qalatasaray'' arasında yaşananlarla maraqlanmırıq. Bunun bizə bir aidiyyatı yoxdu. Onlar transferlərə 50-100 milyon avrolar xərcləyirlər. Bunlar Türkiyə futbolu üçün məntiqli rəqəmlər deyil''.

Yeri gəlmişkən, Arroyo ilə Rikardonun transferinin maddi detalları da bəlli olub. Ekvadorlu Arroyonun transferi üçün üçün 5,67 milyon avro ödənilib. Amma ''Qartal'' bu futbolçunun haqlarının yalnız 50 faizinə sahib çıxıb.

İstanbul nəhəngi istəsə, 3,5 milyon avro ödəməklə onun yerdə qalan haqqının daha 30 faizinə də sahib çıxa bilər. 18 yaşlı vinger ilə 4,5 illik müqavilə imzalanıb və bu müddətdə ona ümumilikdə 3,7 milyon avro maaş veriləcək. Bundan başqa gənc oyunçuya həm də 850 min avro imza parası ödənilib.

Kolumbiyalı Rikardonun transferi isə ''ağ-qaralar''a 1,94 milyon avroya başa gəlib. 20 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb və bu müddətdə ona ümumilikdə 3 milyon avro maaş veriləcək. Onun sonrakı satışından əldə olunan məbləğin 20 faizi isə əvvəlki klubu ''La Ekidad''a çatacaq.

ƏLİ
Seçilən
4
football-plus.az

1Mənbələr