ABŞ və İsrail İrana hücum etməyə cəsarət etsə, Tehran indikindən yüz dəfələrlə çox nüvə obyekti inşa edəcək.
TASS xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Buşehr vilayətinə səfəri zamanı deyib.
"ABŞ və İsrail bizim nüvə mərkəzlərimizə zərbə endirməklə hədələyir. Onlar binalara zərbə endirə bilər, lakin onları inşa edən "beyinləri" vura bilməzlər. Qoy yüz mərkəzə zərbə endirsinlər, min eyni mərkəz yenidən tikiləcək", - İran Prezidenti qeyd edib.
Daha əvvəl “The Wall Street Journal” qəzeti xəbər vermişdi ki, ABŞ kəşfiyyat agentliklərinin məlumatına görə, İsrail Tehranın zəifləməsindən istifadə etməyə çalışaraq 2025-ci ildə İranın nüvə obyektlərinə genişmiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirir.
ABŞ Prezidenti Donald Tramp fevralın 10-da bəyan edib ki, İranı nüvə silahı hazırlamaqdan ya bombalar vasitəsilə, ya da müqavilə imzalamaqla dayandırmaq olar. Amerika lideri onu da əlavə edib ki, İslam Respublikası ilə hərbi zərbələrə əl atmadan saziş bağlamaq olar.