Coşqun Eldaroğlu, müəllim
Kənddə dərs keçdiyim Surayəni indi dostların az qala hamısı tanıyır. Məndən tez-tez onu soruşurlar. Bu gün Surayə ilk uğuruna sevinir. Eksternat imtahandan yaxşı nəticə qazanıb, 11 fənnin yer aldığı mərhələni geridə qoyub. Apreldə doqquzuncuların imtahanından keçərək ilk sənədi əldə eləyə bilər. Hələ irəlidə gediləcək yol var...
Surayə ağrılarından danışmağı xoşlamır. Mən bilirəm ki, necə ağır günlər keçirib. Körpə yaşlarında anasız qalıb. Bir neçə gün məktəb üzü görüb, sonra daha ora yollamaq istəməyiblər. Uşaqlığını yaşamayıb. Günü təsərrüfat qayğıları ilə keçib. Həddi-büluğa çatanda bibisi onu oğlu ilə evləndirməklə xilas eləməyə çalışıb. Qarşısına yaxşı adam çıxıb. Söhbətlərdən birində Rauf demişdi ki, lap nimdaş, tamamilə əldən düşmüş maşınını satmağa hazırdır ki, Surayəni oxutsun...
2021-ci ilin sentyabrında kənddə ilk dərs günü mətbəxin divarına söykənib məsumcasına dərsi izləyən çəlimsiz uşaq gözümə dəydi. Dedim, “bala, sən niyə orada dayanırsan, gəl uşaqlara qoşul”. Sonradan valideynlərdən biri mənə yanaşdı ki, o, uşaq deyil, üç uşaq anasıdır. Gələn dərsdə üç uşaq anası böyük qızı Fidanla yanaşı əyləşmişdi...
Mən Surayənin ilk və yeganə müəllimiyəm. Bunu da yazanda qəhərlənməmək mümkün deyil. Surayə üçün ilk çantanı da dostlar almışdı. İndiyə qədər kim yanımızda olubsa, çox, lap çox təşəkkür eləyirəm. Uzaqlara, mümkün olduğu qədər çox uzaqlara gedəcəyik...
Demokratikmusavat.com