ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna görüşü və ABŞ-ın müdafiə naziri Pit Heqsetin açıqlamaları Avropanı çaşqınlığa sürükləyib. Avropa liderləri ardıcıl bəyanatlar verərkən, Avropanın Rusiya-Ukrayna müharibəsi danışıqlarında rolu olmadan davamlı sülhün əldə edilə bilməyəcəyi iddia edilirdi. Ağ Evin bəyanatında deyilir ki, “Hazırda danışıqlarda iştirak edən heç bir Avropa ölkəsi yoxdur”. Digər tərəfdən, CNN-də yayımlanan təhlildə Zelenskinin ABŞ-a səfəri zamanı gözlədiyinin alınmadığı bildirilib: “Putin 3 ildir ki, bu anı gözləyir”.
Son 24 saatda baş verən tarixi hadisələr barədə bir qədər ətraflı.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonda Ukraynadakı müharibəni müzakirə edib. Tramp: “Rusiya və Ukrayna arasındakı müharibədə ölümləri dayandırmaq istədiyimiz barədə razılığa gəldik. Putinlə komandalarımızın dərhal danışıqlara başlayacağına razılaşdıq”.
Putinlə görüşün Səudiyyə Ərəbistanında olacağını bildirən Tramp, “Putinlə Səudiyyə Ərəbistanında görüşəcəyik. Görüşdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman da olacaq”, – deyib.
Putindən sonra Ukrayna prezidenti Zelenski ilə də telefon danışığı olan Tramp Zelenski ilə görüşünün çox yaxşı keçdiyini bildirib: “O (Zelenski) də prezident Putin kimi sülh istəyir. Biz müharibə ilə bağlı müxtəlif məsələləri müzakirə etdik, cümə günü Münhendə vitse-prezident J.D.Vans və dövlət katibi Marko Rubionun nümayəndə heyətinə başçılıq edəcəyi görüş barədə danışdıq. Ümid edirəm ki, bu görüşün nəticələri müsbət olacaq”.
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski paytaxt Moskvada jurnalistlərə açıqlamasında Putin və Tramp arasında telefon danışığını dəyərləndirib.
Görüşün əhəmiyyətinə işarə edən Slutski, “Putin-Tramp telefon danışığı Qərbin Rusiyaya qarşı blokadasını qırdı və iki ölkə arasında donmuş təmasların başlamasını təmin etdi”, – deyib.
Görüş zamanı Putinin Trampı Moskvaya dəvət etdiyini qeyd edən Slutski, “Putin və Tramp gələcək danışıqlarda daha çox nəticə əldə edə bilərlər. Bu gün qlobal təhlükəsizlik və planetdə sülhün bərqərar olması nüvə silahına malik iki dövlət arasında əlaqələrin konstruktiv və praqmatik kursa qayıtmasından asılıdır”, – deyib.
Ukrayna prezidenti Vladimir Zelenski ilə bağlı CNN-in təhlilində deyilir ki, “o, Qərbin soyğunçu və zülmkar Rusiyaya qarşı ümumi mövqeyinin simvolik fiquruna çevrilib”.
“Putin illərdir bu anı gözləyir” kimi qiymətləndirmənin də yer aldığı təhlildə Zelenskinin ABŞ-ın maliyyə naziri Skott Bessentin yanında qeyri-müəyyən rəftarının göründüyü bildirilib.
Təhlillərə görə, Zelenski hərtərəfli sülh vizyonunu müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla üz-üzə görüşməyə ümid edirdi. Lakin əvəzində ona Bessent tərəfindən imzalanmayan maliyyə müqaviləsi təqdim edildi.
Avropa Birliyi (AB) ölkələrinin liderləri Zelenski ilə şəkil çəkdirmək üçün köhnə qatarda səyahət edirdilər. Amma indi Zelenski Trampın çağırış siyahısında Putindən sonra ikinci yerdədir.
“Avropasız daimi sülhə ulaşmaq olmaz”
Tramp-Putin görüşündən sonra Avropa liderləri Rusiya-Ukrayna müharibəsi danışıqlarında Avropanın rolu olmadan davamlı sülhün əldə edilə bilməyəcəyini bildirdilər.
Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla, Avropa liderləri Ukraynanın taleyi ilə bağlı gələcək danışıqların bir hissəsi olmalı olduqlarını bildirərək, davamlı sülhün yalnız təhlükəsizlik təminatlarını ehtiva edən ədalətli razılaşma ilə əldə edilə biləcəyini vurğulayıblar.
Fransanın paytaxtı Parisdə xarici işlər nazirlərinin görüşünün yekunlarına dair birgə bəyanatda deyilir: “Bizim ümumi məqsədimiz Ukraynanı güclü mövqeyə gətirmək olmalıdır”.
Yeddi Avropa ölkəsi və Avropa Komissiyasının bəyanatında deyilir: “Ukrayna güclü təhlükəsizlik zəmanətləri ilə təmin edilməlidir. Ukraynada ədalətli və davamlı sülh güclü transatlantik təhlükəsizliyin zəruri şərtidir”.
Bəyanatda qeyd olunur ki, Avropa gücləri Amerikalı müttəfiqləri ilə hansı yolu tutacaqlarını müzakirə etməyi səbirsizliklə gözləyirlər.
Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, İspaniya, Ukrayna və Avropa Komissiyasının nazirlərinin iştirak etdiyi iclasda çıxış edən Fransanın xarici işlər naziri Jan-Noel Barrot Ukraynada ədalətli və davamlı sülhün avropalıların iştirakı olmadan əldə edilə bilməyəcəyini vurğulayıb.
“Ədalətsiz müharibənin ədalətli sülhlə bitməsini istəyirik”
Almaniyanın xarici işlər naziri Annalena Berbok və İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Bueno Ukrayna ilə bağlı heç bir qərarın Ukraynasız qəbul edilə bilməyəcəyini bildirərək, AB ölkələrini bu məsələdə birləşməyə çağırıb.
“Biz Ukrayna üçün sülh istəyirik, lakin ədalətsiz müharibənin ədalətli sülhlə başa çatmasını istəyirik”, – deyə Albares Bueno bildirib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ ilə əməkdaşlığın davam etdirilməsinin müzakirə mövzusu olduğunu və Avropa qitəsinin təhlükəsizliyi üçün sıx transatlantik əməkdaşlıqdan daha yaxşı təminat olmadığını bildirib.
Ağ Evin mətbuat katibi Karolin Livitt hər hansı Avropa ölkəsinin sülh danışıqlarında iştirak edib-etməyəcəyi ilə bağlı sualı, “Hazırda danışıqlarda iştirak edən heç bir Avropa ölkəsi yoxdur”, – kimi cavablandırıb.
***
Avropa blokunun məqsədi Paris görüşü zamanı Ukraynanın necə gücləndirilməsi, gələcək sülh danışıqlarının planlaşdırılması və Münhendə Ukrayna danışıqlarında ABŞ administrasiyası ilə danışıqlara necə yanaşmağın müzakirəsi olub.
Lakin ABŞ-ın müdafiə naziri Heqsetin Brüsseldə verdiyi açıqlamalar və Tramp-Putin görüşü Avropanı çaşqınlığa sürükləyib.
Heqset Ukraynanın NATO-ya üzvlüyünü müharibənin həllinin bir parçası kimi görmədiklərini və Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasının real olmadığını bildirib.
“Bu xəyali məqsədə nail olmaq yalnız müharibəni uzadacaq və daha çox əzablara səbəb olacaq”, – deyə Heqset bildirib.
Avropalı diplomatlar bildiriblər ki, Avropa liderləri Putinlə Tramp arasında telefon danışığı barədə əvvəlcədən məlumatlandırılmayıblar və Heqsetin mövqeyindən təəccübləniblər.
Danimarkanın müdafiə naziri Troels Lund Pulsen deyib ki, onun ölkəsi Ukraynanın NATO-ya üzvlüyü məsələsində ABŞ-dan fərqli perspektivlərə malikdir.
Belçikanın paytaxtı Brüsseldə ABŞ Müdafiə Naziri Pit Heqsetlə görüşən Pulsen, Ukraynaya NATO üzvlüyünü təklif etmək qərarına gəldiklərini, lakin bunun baş verməsi üçün NATO üzvlərinin razılaşmalı olduqlarını ifadə edərək, “Danimarka və ABŞ-ın Ukraynanın NATO üzvlüyü ilə bağlı fərqli fikirləri var”, – deyib.
Ukraynaya dəstəyini davam etdirəcəyini bildirən Pulsen, “Məncə, Avropa Ukraynaya kömək etmək üçün 2025-ci ildə daha da böyük məsuliyyət götürməli olacaq”, – deyib.
Almaniyanın müdafiə naziri Boris Pistorius “ABŞ danışıqlardan əvvəl Rusiyaya heç bir güzəştə getməsəydi, daha yaxşı olardı”, – deyib.
Avropalı diplomat Heqsetin şərhlərini təslim olmaq kimi qiymətləndirib və bildirib ki, Ukraynanın güzəştə getməyə hazır olması Rusiyanı qarşıdakı danışıqlarda daha çox tələb etməyə təşviq edəcək.
NATO-nun baş katibi Mark Rutt, “Rusiya hər üç ayda bizim NATO olaraq bir ildə etdiyimiz qədər silah-sursat istehsal edir”, – deyib.
Rutt açıqlamasında “Ukrayna ilə bağlı istənilən razılaşma davamlı olmalıdır və Putinin yenidən hücuma keçməsinə icazə verilməməlidir”, – deyib.
Heqsetin Ukraynanı müdafiə etmək təklifi
Ukraynanın NATO-ya üzvlüyünü rədd edən Heqset sülhün ABŞ-dan gəlməyəcəyini vurğulayaraq, Ukraynanın təhlükəsizliyinin Avropadan və ya kənardan olan təcrübəli hərbçilər tərəfindən təmin edilməli olduğunu bildirib.
Heqset bildirib ki, Ukraynada yerləşdirilən hər hansı Britaniya və ya Avropa hərbçisi NATO missiyasının bir hissəsi olmayacaq və ya NATO-nun 5-ci Maddəsi zəmanəti ilə əhatə olunmayacaq.
Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, o, Heqsetin Avropa ölkələrinin addım atmağa çağırışını eşitdiyini və onlar bu çağırışı dəstəklədiklərini, bundan sonra da dəstəkləməyə davam edəcəklərini bildirib. Hili İngiltərənin bu il Ukraynaya hərbi yardım üçün 4,5 milyard funt-sterlinq xərcləyəcəyini açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski, “ABŞ olmadan təhlükəsizlik zəmanəti real deyil”, – deyib.
600 mindən çox rus əsgərinin Ukraynanı işğal etdiyini qeyd edən Zelenski, Ukraynada yerləşdiriləcək çoxmillətli çəkindirici qüvvələrin sayının 100-150 min arasında olması lazım olduğunu, lakin bu qüvvənin yenə də Rusiya gücü qarşısında zəif olacağını bildirib.
Yüksək səviyyəli bir avropalı diplomat, “Avropa hazırda belə bir qüvvə çıxara bilməz. Amma biz ABŞ-ı da məcbur edə bilmərik. Ona görə də vəziyyəti qəbul edib, nə edə biləcəyimizə qərar verməliyik”, – deyib.
Digər tərəfdən, NATO-nun baş katibi Mark Rutt dünən Ukrayna Təmas Qrupu toplantılarında ABŞ-ın müdafiə naziri Pit Heqsetin verdiyi mesajlara toxunub: “Biz hamımız gec-tez Ukraynada sülh bərqərar olmasını istəyirik. Biz istəyirik ki, bu danışıqlar başlayanda Ukrayna mümkün olan ən yaxşı vəziyyətdə olsun ki, danışıqlar uğurla yekunlaşsın”.
“Biz daha çox xərcləməliyik. Təkcə Birləşmiş Ştatlar bunu gözlədiyi üçün yox. Təkcə Avropa ondan öz üzərinə düşəni etməyi və yükü ədalətli şəkildə bölüşməsini gözlədiyi üçün yox. Biz daha çox xərcləməliyik, çünki Rusiya və digər düşmənlərdən gələn təhlükənin artdığını bilirik”, – Rutt deyib.
“Biz Ukraynaya xəyanət etmirik”
ABŞ-ın müdafiə naziri Pit Heqset Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı öncəsi mətbuata açıqlama verib.
Görüşdə qürurla iştirak edən Hegset, “Bir çox insan bilmir. Mən Əfqanıstanda ABŞ əsgəri kimi, NATO missiyasında, çoxlu cəsur NATO əsgərləri ilə xidmət etmişəm”, – deyib.
Heqset, indi alyansın daha böyük təhlükə ilə üz-üzə qaldığını qeyd edərək, “Bu təcavüz (Rusiya tərəfindən) həyəcan siqnalı olmalıdır”, – deyi.
Heqset, ABŞ-ın NATO-nun bir hissəsi olmağa davam edəcəyini, lakin üzvlərin hazırkı müdafiə xərclərinin yetərli olmadığını, ümumi daxili məhsulun (ÜDM) 2 faizi hədəfinin 5 faizlə əvəz edilməsinin lazım olduğunu vurğulayıb: “Ukraynada getdikcə daha çox ərazi ələ keçirməyə çalışan Rusiya döyüş maşınının olduğunu qəbul etmək və buna qarşı durmaq Avropanın üzərinə götürməli olduğu mühüm məsuliyyətdir”.
ABŞ prezidenti Trampın Rusiya prezidenti Vladimir Putinlə dünənki telefon danışığını xatırladan Heqset, “Dünən gördünüz ki, planetin ən yaxşı müzakirəçisi olan prezident Tramp danışıqlar yolu ilə sülhə nail olmaq üçün iki tərəfi bir araya gətirdi. Son nəticədə hamının istədiyi budur”, – açıqlamasında deyib.
Bir jurnalistin ABŞ-ın yeni administrasiyasının yanaşmasının Ukraynaya xəyanət olub-olmaması ilə bağlı sualına Heqset, “Bu, sizin dilinizdir, mənim dilim deyil. Bu, əlbəttə ki, xəyanət deyil. Dünən müttəfiqlərimizə dediyim kimi, biz uzun illər ərzində qəbul edilmiş etibarlı öhdəliyi tanıyırıq. Prezident Trampın da qeyd etdiyi kimi, heç bir ölkə Ukrayna missiyasına ABŞ-dan daha böyük öhdəlik götürməyib. Düşünürəm ki, dünya prezident Trampın hakimiyyətinə sahib olduğu üçün şanslıdır. Yalnız o, sülhü bir araya gətirə bilər”, – cavabını verib
Kremlin bəyanatı
Kreml bu gün bildirib ki, bir gün əvvəl iki prezidentin uzun-uzadı telefon danışığından sonra Donald Tramp və Vladimir Putin arasında üzbəüz görüşün tez bir zamanda təşkil edilməsinə ehtiyac var.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, "Belə bir görüşün kifayət qədər tez təşkil edilməsinə mütləq ehtiyac var, dövlət başçılarının danışacaqları çox şey var”.
***
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyada səfərdə olan Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə paytaxt Moskvada görüşüb.
“Putin və Tramp arasında dünənki telefon danışığından sonra ikitərəfli münasibətlər yaxşılaşa bilərmi” sualını cavablandırarkən Lavrov ikitərəfli münasibətlərin ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə ən aşağı səviyyəyə düşdüyünə diqqət çəkib: “Mən təəccübləndim ki, görüşdən sonra dünyanın təəccüblənməsi və bunu qeyri-adi görüb. Qərb, xüsusən də AB iki ləyaqətli və nəzakətli insanın danışmasına təəccübləndi. İki lider anlayır ki, siyasət oturub danışmaq, ümumi dil tapmaq və fikir ayrılıqlarını kənara qoymamaqdır”.
“Ümid edirəm ki, bu görüş siyasətin nə olduğunu unudanları ayıldacaq”, – Lavrov Qərb siyasətçilərini nəzərdə tutaraq deyib.
Tacikistanın xarici işlər naziri Muhriddin də Rusiya ilə münasibətlərin və Müstəqil Dövlətlər Birliyi (MDB) və KTMT kimi platformalarda əməkdaşlığın yaxşılaşdığını bildirib.
Muhriddin Rusiya ilə əmək miqrasiyası ilə bağlı problemlərin həllinə önəm verdiklərini ifadə edərək, Əfqanıstan sərhədində təhlükəsizliyin artırılmasının vacibliyini vurğulayıb.