AZ

“Honda” və “Nissan”ın birləşməsi ilə bağlı danışıqlar bitdi

“Honda” və “Nissan” vahid konserndə birləşmək şərtləri ilə bağlı razılığa gəlməyiblər. Yapon avtomobil nəhəngləri birləşmə danışıqlarını dayandırıb və ötən ilin dekabrında imzalanmış anlaşma memorandumunu ləğv ediblər. Bu barədə avtomobil istehsalçılarının rəsmi saytlarında məlumat verilir.

 

Sfera.az bildirir ki, avtomobil istehsalçıları əməkdaşlığı davam etdirəcək və birgə yeni modellər yaradacaqlar.
 

“Nissan” açıqlamasında tərəflərin müxtəlif birləşmə formatlarını nəzərdən keçirdiyini bildirib. Əvvəlcə “Honda” və “Nissan”ın bərabər hüquqlu böyük bir şirkətin törəmə şirkətlərinə çevrilməsi planlaşdırılırdı.
 

Lakin sonradan “Honda” nümayəndələri onların şirkətinin ana şirkət olması təklifi ilə çıxış etdilər. “Nissan” bu birləşmə formatına razı olmayıb, buna görə də danışıqlar dayandırılıb.
 

“Honda” bildirib ki, uğursuzluğa baxmayaraq, iki korporasiya əməkdaşlığı davam etdirəcək. Əsas diqqət elektrikləşdirilmiş və “ağıllı” avtomobillərin inkişafına yönəldiləcək.
 

Xatırladaq ki, “Honda” və “Nissan” uzun müddətdir ki, dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olacaq konsernin yaradılması ilə bağlı danışıqlar aparırlar. Səhmlərinin 34%-i “Nissan”a məxsus olan “Mitsubishi Motors” da ona qoşulmalı idi. “Nissan” bu addımı atmağa satışların və mənfəətin kəskin azalması səbəbindən qərar verib.
 

Xanım

Seçilən
16
sfera.az

1Mənbələr