AZ

Ən ağır cinayət törətmişlər saxlanılacaq

ABŞ prezidenti Donald Trampın Quantanamo həbsxanasına göndərdiyi venesuelalı mühacirlərin əsgərlər tərəfindən saxlanıldığı bildirilir.

“The New York Times” (NYT) ABŞ-ın Kubadakı Quantanamo bazasındakı həbsxanaya göndərilən 53 venesuelalı immiqrantın 6-cı düşərgə adlı bölməyə yerləşdirildiyini yazır. Bu bölmənin Amerika ordusu tərəfindən Əl-Qaidə ilə əlaqəsi olan yaraqlıları saxlamaq üçün nəzərdə tutulduğu bildirilir.

Tramp administrasiyası sözügedən şəxslərin qanuni olaraq ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) nəzarətində olduğunu bəyan etmişdi. Ona görə də bu şəxslər mülki geyimli İCE əməkdaşlarının nəzarəti altında olmalıdırlar.

Lakin adının çəkilməsini istəməyən mənbələr miqrantların hərbi nəzarətə götürüldüyünü bildirir.

Tramp administrasiyası Konqresə verdiyi brifinqdə 6 saylı düşərgədə altı ICE zabitinin işlədiyini bildirdi. Lakin mənbələr həbsxanada cəmi iki ICE zabitinin olduğunu deyir.

Bildirilir ki, ICE son bir həftə ərzində ümumilikdə 98 nəfəri Quantanamoya göndərib. Bu insanların 53-ü 6-cı düşərgədədir. Digər 45 miqrantın isə bazanın başqa hissəsində daha aşağı təhlükəsizlik zonasında saxlanıldığı bildirilir. Həmin şəxslərin Daxili Təhlükəsizlik Nazirliyinə bağlı Sahil Mühafizə qruplarının nəzarətində olduğu yazılır.

Tramp yanvarın 29-da Quantanamoda sənədsiz mühacirlərin saxlanması üçün 30 min nəfərlik müəssisənin hazırlanmasına göstəriş verdiyini açıqlayıb.

NYT xəbər verir ki, Quantanamonu idarə edən ABŞ Cənub Komandanlığı bu göstərişə əsasən həbsxanaya çoxlu personal göndərib.

Tramp bildirib ki, bu müəssisə “ən ağır cinayətləri törətmiş sənədsiz immiqrantları saxlayacaq”. ABŞ rəsmiləri Quantanamo həbsxanasına göndərilən venesuelalı mühacirlərin Tren de Araqua bandasının üzvləri olduğunu iddia edib. NYT yazır ki, bu iddiaları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Hesabatda həmçinin ICE nəzarətində olan bütün mühacirlərin ABŞ-a qeyri-qanuni yollarla daxil olmadığı, bəzilərinin sərhəddə sığınacaq üçün müraciət etdiyi, lakin müraciətlərinin rədd edildiyi bildirilir. Həmçinin qeyd olunur ki, Tramp administrasiyası Quantanamoya göndərilən şəxslərin hamısının ABŞ-a qeyri-qanuni yollarla daxil olduğuna dair sübut təqdim etməyib.

ABŞ hökuməti 11 sentyabr 2001-ci il hücumlarına görə məsuliyyət daşıyanları həbs etmək üçün Kubadakı Quantanamo hərbi dəniz bazasından istifadə edib. 2002-ci ildə o vaxtkı ABŞ prezidenti Corc Buşun əmri ilə yaradılan düşərgədə “düşmən döyüşçüləri” hesab edilən insanlar yerləşdirilib. ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Co Bayden həbsxananın bağlanmasını tələb etsə də, tələblər Konqres tərəfindən qəbul edilməyib.

Seçilən
26
vaxt.az

1Mənbələr