Bakıda “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumu keçirilib. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara müraciəti səsləndirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov forumda çıxış edərək qlobal çağırışlar və regional reallıqların şaxələndirmə prosesini sürətləndirdiyini bildirib. O, indiki şəraitdə “yaşıl” enerji sahəsində ölkəmizin pozitiv beynəlxalq mövqeyə sahib olduğunu vurğulayıb. İqtisadiyyat naziri, eyni zamanda, ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi sisteminin önəmli rol oynadığını xatırladaraq bu sahədə indiyə qədər aparılan islahatların, əldə edilən nəticələrin yalnız iqtisadiyyatı deyil, ümumilikdə, cəmiyyətin tərəqqisi baxımından mühüm önəm daşıdığını diqqətə çatdırıb.
M.Cabbarov qeyd edib ki, vergi siyasəti iqtisadi səmərəliliyə hər zaman böyük təsir göstərib. Bu sistem iqtisadi tənzimləmələr, sosial bərabərsizliyin azaldılması və ümumi iqtisadi inkişafın təşviqində mühüm rol oynayıb. 2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Əmək bazarında təşviq mexanizminə əsaslanan vergi islahatlarının nəticələri ABŞ-ın nüfuzlu Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitet tərəfindən aparılan təhlillər də göstərir ki, islahatlar iqtisadiyyatın “ağardılması”, bizneslərin leqallaşması baxımından səmərəli olub, eyni zamanda, qeyri-neft sektorunda iqtisadi aktivliyi stimullaşdırıb. Azərbaycan eyni məsələlərlə qarşılaşan digər ölkələr üçün uğurlu nümunə hesab edilib.
Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştlərinin tətbiq olunduğunu deyən nazir diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasına görə təşviqlər, həssas sosial təbəqələr üçün güzəştlər, özəl sektoru stimullaşdıran addımlar, sənaye parklarında rezidentlər üçün azadolmalar, startaplar üçün stimullar, ekoloji mühiti inkişaf etdirən vergi güzəştləri qeyd olunmalıdır: “Bunlar ölkəmizdə iqtisadi aktivliyə, sosial rifaha və qeyri-neft sektorunun inkişafına təkan verən mühüm islahatlar paketini təşkil edir. Vergi sistemində islahatlar və qanunvericilikdə dəyişikliklər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri ilə uzlaşır. Rəqəmsal alətlər vergi xidmətləri üzrə keyfiyyətin artmasına və biznes proseslərinin asanlaşdırılmasına yardım edir. Texnologiyaların inkişafı insanların vaxt itkisini aradan qaldırmağa xidmət edir”.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli forumda bildirib ki, bu gün dünyada vergi sistemləri yalnız dövlətin maliyyə mənbələrini toplamaqla kifayətlənmir. Onlar, eyni zamanda, iqtisadiyyatı dəstəkləyir, ədalətliliyi təmin edir və biznesin inkişafına şərait yaradır. O qeyd edib ki, əsas strateji hədəf vergi idarəçiliyində şəffaflığı, ədalətliliyi və effektivliyi artırmaqdır. Bu isə rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi ilə gerçəkləşir. Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətləri daha da asanlaşdırmaq, vergi yığımı proseslərini sürətləndirmək və vergilərin doğru və vaxtında ödənməsini təmin etmək əsas məqsədlərdən biridir.
O.Nəzərli bildirib ki, “Dövlət Vergi Xidmətinin 2025–2028-ci illər üzrə Strategiyası” hazırlanıb. Bu strategiya vergi işçilərinin missiyasını, gələcəyə baxışını və strateji fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Dürüstlük, peşəkarlıq, innovativlik, təşəbbüskarlıq və əməkdaşlıq kimi dəyərlərə söykənərək Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir.
Bu istiqamətdə əsas fəaliyyət güclü insan kapitalının formalaşdırılması, könüllü əməletmənin təbliği, vergidən yayınma ilə inamlı mübarizə, davamlı və dayanıqlı inkişaf olacaq. Əsas missiya olaraq ölkəmizin sosial-iqtisadi inkişafını təmin etmək üçün vergilərin effektivliyə və dürüstlüyə əsaslanan prinsiplərlə tam və vaxtında yığılması, “kölgə iqtisadiyyatı” ilə mübarizə aparmaqla haqlı rəqabətin təmin edilməsi daim diqqət mərkəzində saxlanılacaq.