Azərbaycana 7 min nəfərədək idmançının gəlməsi gözlənilir, bu, Bakıdakı Avropa Oyunlarında iştirak edənlərin sayından xeyli çoxdur
Gələn ildən başlayaraq, Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Gəncə adi şəhərlərdən deyil. Onu təqdim etməyə də bir o qədər ehtiyac yoxdur. Nəinki MDB məkanında, bütün dünyada tanınır Gəncə! Bir Nizamisi yetər ki, desin:
Gəncə - Harut sehirli Babil deyil, bəs nədir?
Ürəyim - ulduzlara nur saçan bir Zöhrədir.
Zöhrə təki ucalıb Mizan bürcünə Gəncə,
Onu belə ucaldan ülvi sözümdür, məncə.
Gəncə müqəddəs şəhərdir. Gəncə milliyyətindən, irqindən asılı olmayaraq onu sevənləri daim bağrına basıb, öz övladı kimi qoruyub, qonağına “əzizimsən”, düşməninə “nankorsan” deyib. Söz düşmüşkən, Gəncəni dünyaya bir də 2020-ci ilin oktyabr günlərində qonşu dediyimiz o nankorlar “tanıdıb”. Öz iyrənc, xain əməlləri ilə.
Amma zaman və tarix hər işi yerbəyer eləyir. Bir də xalqın iradəsi, əzəməti, ədalətli olmasına inamı yetər ki, bütün dünya kimin kim olduğunu bilsin!
...Ötən ilin son ayının ortaları idi. Şəhər icra hakimiyyətində Niyazi Bayramovla görüşdüm. Sevinci-fərəhi üz gözündən oxunurdu, hər cümləsində “Gəncə daha gözəl olacaq” deyirdi. İlk soruşduğum bu oldu ki, “yollarımız düzələcək?” Qayıtdı ki, nəinki yol, Gəncədə, bütövlüklə, infrastruktur yenilənəcək, yeni obyektlər istifadəyə veriləcək, elektrik təsərrüfatı, su-kanalizasiya sistemi, nəqliyyat yenilənəcək”. Sonra da əlavə etdi: “Cənab Prezidentimiz bir daha göstərdi ki, o, Gəncəni nə qədər sevir, inkişafı üçün əlindən gələni edir”
Bilirsiniz nəyə görə ilk olaraq yollarımız barədə soruşmuşdum şəhər rəhbərindən? Çünki sakinlərin ən çox gileyləndiyi məsələ yolların həddindən artıq bərbad vəziyyətdə olması idi. Doğrudur, şəhərdə işlər gedirdi, yeni asfalt yollar salınırdı, təmir olunurdu. Lakin bunlar kifayət deyildi. Buna görə daha çox şəhər rəhbəri tənqid olunurdu. Amma ədalət naminə demək lazımdır ki, bu işlərdə sürətlə bütün küçələri əhatə etmək, Gəncənin başçısından asılı deyildi. Qısaca qeyd edim ki, şəhərin su və kanalizasiya sisteminn yenidən qurulması ilə bağlı 10-12 il qabaq başlanmış işin yarımçıq qalması, yaxud həddindən artıq ləng aparılması yolların bərpasına, nizama salınmasına mane olurdu. Yəni bu işlər paralel aparılmasa, onun başa çatdırılması mümkün olası iş deyil!
Amma yenə, artıq neçənci dəfə, Gəncənin köməyinə cənab Prezidentimiz çatdı. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən dövlət başçımız bu ilin yanvarında Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odile Reno-Basso ilə görüşdü. Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi” imzalandı. Gəncədə su təchizatının modernləşdirilməsi, kanalizasiya və yağış sularının idarə edilməsinin yaxşılaşdırılması, həmçinin sutəmizləyici qurğuların tikintisi üçün 35 milyon avro suveren kredit ayrılıb. Layihənin ümumi dəyəri isə 410 milyon avro təşkil edir və təbii ki, mərhələlərlə veriləcək.
Elə fikirləşməyin ki, yazının mövzusundan kənara çıxmışıq, xeyr. Gəncə MDB-nin İdman Paytaxrı elan olunubsa, demək şəhər də nümunəvi olmalıdır, özü də bütün sahələrdə. Prezidentimiz 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı dedi: “Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılıb. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmayıb. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi”.
İndi özünüz fikirləşin, 7 min iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək asanmı məsələdir? Bunun üçün, təbii ki, şərait olmaldır, yollar, obyektlər, idman qurğuları və digər işlər qaydaya salınmalıdır. Gəncəlilərin bu narahatlığına da cənab Prezidentimiz aydınlıq gətirməklə hamını sevindirib: “Gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər”.
Gəncədə idman qurğularının vəziyyəti, hazırda bu sahədə görülən işlərdən, böyük tədbirə hazırlıqlardan danışmazdan əvvəl şəhər nəqliyyatının indiki durumuna aydınlıq gətirmək istərdik. İctimai nəqliyyat, taksi xidməti şəhərdə ən geri qalan sahələrdən biridir. Avtobusların, demək olar ki, 70-80 faizi gündəlik tələbata uyğun deyil və köhnəlmiş, sınıq-salxaq, necə deyərlər, “inqilabdan qalmış”, nəqliyyat vasitələridir. Sürücülərin işinə nəzarət aşağı səviyyədədir. Mədəni xidmət hələ müasirlikdən çox uzaqdadır. Üzü tüklü, səliqəsiz geyimli, bəzən kobud davranışlı sürücülər də tapılır. Bəli, Gəncəyə yeni nəqliyyat vasitələri gətiriləcək, vəziyyət MDB oyunlarına qədər, yəqin ki, yaxşılaşdırılacaq. Amma ölkə başçımız “şəhər nəqliyyatı tamamilə yenilənəcək” deyərkən bu sahəyə cavabdeh məsul şəxslər, heç şübhəsiz, normal xidmətin də yenilənməsinə nail olmalı, tələbata cavab verən sürücü kadrları barədə düşünməli, iş aparmalıdır.
Mehmanxanalar – hərçənd onların sayı azlıq edir – indidən bu böyük tədbirə hazır olmalıdır. Bütövlükdə, digər 6 şəhərin də otellərində, qonaq evlərində, hətta fərdi evlərdə idmançıların razı qalması üçün müvafiq tədbirlər görülməlidir. Göygöl rayonunda müasir otel xidmətçiləri hazırlayan peşələrə xeyli oğlan və qız cəlb olunub ki, bu işlər alqışa layiqdir və təşəbbüs geniş yayılmalıdır. Eyni sözlər bizim ictimai iaşə müəssisələrinə, restoranlara və kafelərə də aiddir. Ölkə Prezidentinin sərəncamı ilə təşkilat komitəsi yaradılıb və bugünlərdə onun ilk iclası keçirilib. Bir sıra şəhər və rayonların icra hakimiyyəti başçılarının müavinləri o tərkibə daxil ediliblər. Yəni məsul şəxslərin tədbirlər planında bütün bunlar öz əksini tapmalıdır.
Keçək MDB paytaxtı seçilən Gəncə şəhərinin idman infrastrukturunun vəziyyətinə. Desək ki, bu obyektlər kifayət qədərdir və hamısı idealdır, bizi qınayarsınız. Çünki bu sahədə görüləsi işlər çoxdur. Lakin ümid verən odur ki, Gəncədə idmanın maddi-texniki bazasının inkişafı ölkə Prezidentinin nəzarəti altındadır. Son vaxtlar Gəncədə elə obyektlər istifadəyə verilib ki, dövlət başçımızın dediyi kimi, heç Bakı şəhərində yoxdur. Onlardan biri keçən ilin aprelində istifadəyə verilən Gəncə İdman Sarayıdır.
Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan idman sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb. İdman sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçılar üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir. Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərir və idmanın ayrı-ayrı sahələri tədris olunur. Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının standartlarına uyğun zal, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər var. Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. 80 nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan yaradılıb.
Şəhər stadionu da pis vəziyyətdə idi və artıq yararsız hala düşmüşdü. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli sərəncamına əsasən stadionun yenidən qurulması qərara alındı. İndi stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən bu nəhəng idman qurğusunun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Son üç ayda 2 dəfə iş gedən bu ərazidə olmuşuq. Əgər noyabrda tikintidə hər gün 80-100 nəfər çalışırdısa, hazırda onların sayı 350-400 nəfər, bəlkə də daha çoxdur. Texnikanın sayı-hesabı yoxdur. Hər yerdə iş gedir, tamaşaçı tribunalarından tutmuş, idmançıların soyunub-geyinmə otaqlarına kimi. Qeyd edək ki, ötən ilin aprelində təməli Prezidentimiz tərəfindən qoyulan stadion unikal bir obyekt olacaq və Gəncəyə xüsusi yaraşıq verəcək. Kəpəz PFK İdarə heyətinin sədri İlqar Nadiri çoxminli Gəncə azarkeşləri, idmansevərlər, şəhər ictimaiyyəti və PFK İdarə Heyəti üzvləri adından cənab Prezidentimizə hədsiz minnətdarlığımızı bildirdi. Dövlətimizin başçısını əmin edirik ki, etimadı, diqqət və qayğını əməli işimizlə doğruldacaq və futbolun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Gəncənin MDB-nin İdman Paytaxtı elan edilməsi isə hər bir şəhər sakininə qürur verir”.
Təhsil Respublika İdman Mərkəzi Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi PHŞ üçün inşa edilən yeni bina da öz gözəlliyi və yaradılan şəraiti ilə hamının diqqətini cəlb edəcək. Möhtəşəm obyekt 6,4 hektar ərazidə yerləşir. Burada 4-ü yeni (üzgüçülük, atıcılıq, gimnastika, qılıncoynatma) olmaqla, ümumilikdə, 19 idman növü üzrə tədris aparılacaq. 850 nəfər tamaşaçı tutumuna malik futbol meydançası, məşqlər üçün nəzərdə tutulmuş 90 metrlik futbol meydançası, bağlı mini meydança, 520 yerlik tamaşaçı tutumuna malik basketbol meydançası, 520 yerlik tamaşaçı tutumuna malik tennis meydançası – kort, 168x48 kvadratmetr ölçüdə 10 ədəd idman zalı, 1080 nəfərlik universal zal, 1 ədəd 350 yerlik tamaşaçı tutumuna malik üzgüçülük zalı tikilmişdir. Ərazidə, həmçinin şəhərə qonaq gələn idmançıların yerləşdirilməsi üçün 80 nəfərlik otel də inşa edilir.
Qeyd edək ki, Gəncə Olimpiya İdman Kompleksinin də bu ay təmirə bağlanması planlaşdırılır. 2002-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin açılışını etdiyi bu kompleks son illərdə Gəncədə çox məşhur, dünya və Avropa səviyyəli idmançıların yetişməsinə böyük köməyi olmuşdur.
...Bugünlər Gəncədə hamı sevinir. Bir tərəfdən son illər ölkə rəhbərliyinin qayğısı ilə xeyli inkişaf edən və gözəlləşən Nizami yurdunun bundan sonra da tanınmaz dərəcədə dəyişəcəyinə, digər tərəfdən belə bir möhtəşəm tədbirin Gəncə şəhərinə etibar edilməsindən hədsiz qürur hissinə görə. Prezident Administrasiyasına, Gənclər və İdman Nazirliyinə, icra hakimiyyətinə, qəzetimizin Gəncədəki müxbir məntəqəsinə saysız hesabsız məktublar daxil olur. Məsələn, şəhər sakini Elçin Cavadov yazır. “Hörmətli cənab Prezident. Sizin, doğma Azərbaycanımızın inkişafı və dünyada tanınması uğrunda apardığınız işlər əvəzsizdir. Xalqımızın firavan yaşaması, torpaqlarımızın azad olunması, Qarabağda, eləcə də digər regionlarda gedən abadlıq-quruculuq işləri Sizin apardığınız məqsədyönlü siyasətin nəticəsidir.
Möhtərəm Prezident, Azərbaycanın regionlarının inkişafı, heç vaxt Sizin diqqətinizdən kənarda qalmır. Üçüncü MDB Oyunlarının əsas hissəsinin qədim tarixə malik Gəncə şəhərində keçirilməsi ilə əlaqədar burada genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Nizami yurdu olan Gəncə bütün MDB məkanına öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim edəcək. Gəncə şəhərində təmir-bərpa işlərinin aparılması barədə göstəriş verdiyinizə görə Sizə öz adımdan və Gəncə şəhəri sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirik ki, Gəncə əhalisi siyasətinizi daimi dəstəkləyərək həmişə Sizinlədir.”
Hələ ötən ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edərək bildirmişdi: “Gəncə idman paytaxtı olacaq. Növbəti ildə Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək...”
İndi budur, Gəncədə və Azərbaycanın bir çox yerlərində möhtəşəm idman bayramına böyük hazırlıqlar başlanıb. Qədim Gəncə bu hazırlqların, bu imtahanın, bu sınağın önündə gedir. Uğur olsun, Gəncə!
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Gəncə