Azərbaycan türklərinin aborigen sakinlər kimi Qərbi Azərbaycana geri dönüşü ideyası cəmiyyətimizdə həmişə olub. Bu ideyanı konsepsiya halına gətirmək üçün 2000-ci ildə Azərbaycan ziyalıları təşəbbüs göstərdilər. Bu işi indi Qərbi Azərbaycan İcması planlı şəkildə davam etdirir. Kim bu istiqamətdə, xırda da olsa, bir iş görürsə, təqdir edilməlidir. Hay mediasını mütəmadi izləyirəm, hazırda Ermənistanda ən çox ehtiyat edilən məsələ məhz budur. Azərbaycanlıların doğma yurdlarına qayıdışını Ermənistan dövləti üçün təhlükə sayanlar var. Amma ağlı başında olan, praqmatik düşünən ermənilər geri dönüşün, ilk növbədə, özləri üçün faydasnı da dilə gətirirlər.
Ermənistan kimi iqtisadi və demoqrafik cəhətdən perspektivi olmayan, gündən-günə həyat şəraitinin ağırlığından ölkəni tərk edənlərin sayının artdığı bir ölkəyə yeni nəfəs, yeni enerji, yeni güc gərəkdir. Bu şansı onlara Ermənistanın tamhüquqlu vətəndaşına çevriləcək soydaşlarımız verə bilər. Bunun nəyi pisdir? Bir də ki, geri dönüşlə bu torpaqların əsas sakinlərinin yaşayış haqqı tanınmış olacaq.
Hələlik, şəraitin yetişməməsi səbəbindən dünyada gedən proseslərə görə, geri dönüş bir qədər ləngiyə bilər. Təhlükəsizlik baxımından da bu prosessin aparılmasında ortaya çıxacaq problemlər aradan qaldırılmalıdır. Ermənistan bu insanların təhlükəsiz yaşamasına təminat verməlidir. Şübhəsiz, bunların hamısı sülh sazişinin imzalanmasından sonrakı danışıqların predmeti olacaq. Amma bu ideyanın daim gündəmdə saxlanılması və gələcəyə daşınması çox önəmlidir.
Bir maraqlı məsələyə də toxunmaq istərdik. Ermənistan baş naziri hər dəfə çıxış edəndə orijinal görünmək istəyir, “xoruz səsi eşitməmiş məsələlər” ortaya ataraq gündəmi dəyişməyə çalışır. Bəzən elə məsələlərdən danışır ki, onlar erməni cəmiyyətini maraqlandırmasa da, yeni müzakirələrə səbəb olur. Paşinyan qəliblənmiş ictimai-siyasi proseslərə yeni yanaşma gətirir. Amma hərdən mənasız fərziyyələrin içərisinə “daxil etdiyi” ciddi mövzuları qabartmaqla diqqəti əsas məsələlərdən yayındırmağa çalışır. Hətta çeşidli problemlərə fərqli yanaşmanın ortaya çıxmasına səbəb olur.
“Gerçək Ermənistan”, qondarma “erməni soyqırımı”, Ermənistanın atributları, tarixi hadisələrə münasibət və s. məsələlərdə Paşinyan sərt tənqid olunsa da, cəmiyyəti “silkələməyi” bacarır. Danışdıqlarında hərdən özünü təkzib etməsi də qəbulediləndir. Bu cür ritorika hədəfə çatmaq üçündür və siyasi mübarizədə məqbul fəaliyyət kimi qəbul olunur. Paşinyanın sonuncu mətbuat konfransı 4 saatdan çox davam elədi. Açıq görünürdü ki, həmin gün o, 2026-cı ildə keçiriləcək seçkilərdə qalib gəlməyin təməllərini yaradır. Bunu da uğurla edir.
Nikol Paşinyan bu gün “Zəngəzur dalanı”nda ilişib qalıb. Son brifinqdə nala-mıxa vurmağa başladı və belə bir təəssürat yarandı ki, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan Azərbaycandan Azərbaycana (Naxçıvana) maneəsiz keçidi İran ərazisində ehtimal olunan variantla müqayisə edərkən deyir ki, bu məsələdə problem yoxdur. İranın təklif etdiyi variant bizim üçün də məqbuldur.
Maneəsiz keçid Azərbaycan ərazisindən keçəcək bütün kommunikasiyalara aiddir. Guya, ortaya atdığı və heç kəs tərəfindən ciddiyə alınmayan “sülh kəsişməsi” elə bunu nəzərdə tutur. İran variantındakı şərtlər Ermənistan üçün də məqbuldur deyir. Bu fikri ona görə deyir ki, Azərbaycanın yeni seçim edəcəyindən qorxur. Paşinyanın bu çıxışından sonra erməni mütəxəssislər, onun təbliğatçıları faydalı dəhlizdən, tranzit gəlirlərindən və Ermənistanın buradan hər il 4–5 milyard gəlir götürəcəyindən bəhs etməyə başlayıblar. Bəli, bu məsələdə İrəvanın mövqeyindəki yumşalma qeyd edilməlidir.
Əlbəttə, elə yuxarıda bəhs etdiyimiz Qərbi Azərbaycana qayıdışın məhz “sülh dəhlizi”ndən keçəcəyi birmənalıdır. Son vaxtlar erməni politoloqlar ondan danışmağa başlayıblar ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan deyil, İran maneçilik törədir. Baş nazirin mətbuat konfransında keçidlə bağlı “xırdaladığı” nüanslardan sonra Ermənistan mediası bu yolun tezliklə açılacağı fikrini önə çıxarır. Paşinyan yeni təkliflə Azərbaycana üz tutubsa, Bakı İrəvanın bu məsələdə konstruktiv yanaşmasını dəyərləndirəcək. Bu, şübhəsiz ki, sülh danışıqlarının uğurla nəticələnməsinə də yardımçı ola bilər.
Rəsmi İrəvan Qarabağı faktiki olaraq Azərbaycan ərazisi elan etsə də, hayların bu ərazidən gözlərini tamamilə çəkmədiyi məlumdur. Ermənipərəst “kollektiv Qərb” hansı şəkildəsə Qarabağı könüllü tərk etmiş erməniləri geri qaytarmağa çalışır. Bu təşəbbüslər onu göstərir ki, bölgədə münaqişə ab-havasının, gərginliyin qalması Ermənistanı yeni müharibəyə sövq edə bilər. Üstəlik, erməni cəmiyyətinin daşnak düşüncəli radikal kəsimində revanşizm xəyalları asanlıqla yox olmayacaq.
Dövlət olaraq Ermənistan öz təhlükəsizliyini bəhanə gətirərək silahlanacaq və ona bu işdə həvəslə yardım edən ölkələr var. İndi Ermənistanı Fransa və Hindistan silahlandırır. Sabah başqa ölkələr də ola bilər və militarizmin qarşısını almaq üçün xüsusi beynəlxalq mexanizmi tətbiq etmək mümkün deyil. Ermənistan, əlbəttə ki, Azərbaycana qarşı silahlanır. Bunu bildiyimizdən önləyici tədbirləri özümüz almalıyıq.
Zəngəzur dəhlizi məsələsinə qayıdaraq onu da qeyd etməliyik ki, Türkiyə də, Azərbaycan da bu yolun açılmasının həyati əhəmiyyətini, bölgə ölkələrinin inkişafına təkan verəcəyini yaxşı bilirlər.
Prezident İlham Əliyev bu dəhlizin açılması ilə bağlı qərarlı fikirlərini bütün dünyaya bəyan edib. Türkiyə liderinin Azərbaycana gözlənilən səfərindən sonra, şübhəsiz ki, bizim hesablamadığımız bəzi sürpriz addımlar atıla bilər.
Qafar ÇAXMAQLI,
“Xalq qəzeti”nin Türkiyə müxbiri