Türkiyəli məşhur müğənni Atiye dünya şöhrətli ulduz Ledi Qaqaya qarşı müəllif hüquqları ilə bağlı iddia qaldırır.
“Qafqazinfo” xəbər verir ki, Atiye Ledi Qaqanın yeni mahnısının 2015-ci ildə işıq üzü görən “Abracadabra” əsərindən ilhamlandığı iddiası ilə məhkəməyə müraciət edəcək.
Atiyenin vəkilləri əsərin icazəsiz istifadə edildiyini bildirərək müəllif hüquqları ilə bağlı iddia qaldıracaqlarını açıqlayıblar. Bundan əlavə, Niderland vətəndaşı olan Atiyenin vəkilləri Amerikadakı peşəkar birliklərə xəbərdarlıq sənədləri göndərəcək.
Atiye mövzu ilə bağlı açıqlama yayaraq mahnını illər əvvəl bəstələdiyini bildirib:
“O illərdə musiqisi ilə yenilikçi və çox inkişaf etmiş mahnı idi. İllər sonra bəstənin bəzi hissələrinin Ledi Qaqa tərəfindən icazəsiz və mənbəyə istinad etmədən istifadə edilməsi məni təəccübləndirdi. Bu məqamda vəkillərim peşəkar birliklərə məktub göndərdilər və biz mahnı ilə bağlı Ledi Qaqanı Amerikada məhkəməyə veririk”.