Dövlət başçısı İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində keçilən yolun təhlili əsasında bildirdi ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik
"Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır."
Dövlət başçısı İlham Əliyev Davos şəhərində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bu reallıqları da diqqətə çatdırdı ki, bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik: «Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız.»
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev liderlik nümunəsini təqdim etdi. Hələ hakimiyətinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi qərarlarla, həyata keçirdiyi quruculuq tədbirləri ilə, ən əsası gələcəkdə Azərbaycanın müstəqilliyə qovuşacağını nəzərə alaraq atdığı digər məqsədyönlü addımları ilə özünün Ümummili Lider obrazını yaratdı, tarix isə dahi şəxsiyyətin bu statusunu bütün mərhələlərdə qorudu. Ulu Öndərin hakimiyyətinin birinci dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi imkanları genişləndi. İllər boyu bu istiqamətdə formalaşdırılan potensial ötən əsrin sonlarına doğru müstəqil Azərbaycan dövlətinin yaranmasında təzahür etdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü əsasən Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcəyi üçün müəyyənləşdirdiyi perspektivlərin reallaşması isə 1993-cü ildən, yəni xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. O, başladığı işlərin davamlılığını yüksək səviyyədə təmin etdi, bugünkü güclü, qüdrətli Azərbaycanın yeni-yeni hədəflərə çatması üçün ciddi səylər göstərdi. Azərbaycanın 33 ildən artıq müstəqillik tarixində keçdiyi inkişaf yolunun təhlilini vermək hər zaman günümüzün tələbidir. Müstəqilliyimizin ilk illərində ölkəmizin hansı durumla üz-üzə qaldığı bəllidir. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından torpaqlarımızın işğalı da davamlı hal almışdı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdəndir. Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdı. Azərbaycan haqqında məlumatsızlıq, informasiya blokadasında olması erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı. Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən Heydər Əliyev idi.
Uğurlu daxili siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitliyin yaradılması əlverişli biznes mühitinin formalaşdırılmasını təmin etdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizə inam artdı, iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. Dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı, insanlar Ümummilli Liderin ətrafında daha sıx birləşərək Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərdilər.
Hər bir ölkənin iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin, səylərin birləşdirilməsinin rolunu xüsusi vurğulayan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Bu, bir daha ölkəmizə inamın hansı səviyyədə olduğunu nümayiş etdirdi. İllər keçdikcə yeni-yeni neft və qaz sazişlərinə imza atıldı, Azərbaycan malik olduğu təbii enerji resurslarından səmərəli istifadə etməklə hərtərəfli inkişafını təmin etdi. Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Azərbaycan Respublikası Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığın təminatında əhəmiyyətli rol oynayır. Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, onlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir.
Ulu Öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələri açıqlayarkən xaricdə varlığını, ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulmasını xüsusi olaraq qeyd edirdi. Dahi lider tarixin saxtalaşdırılmasına sərt mövqeyini də bəyan edirdi. Onun ilk görüşünü ziyalılarla keçirməsi də təsadüfi deyildi. Dahi şəxsiyyət həmin görüşündə tarixçilərimizin qarşısında bir sıra mühüm vəzifələr qoymuşdu ki, bunlardan da ən ümdəsi tarixin saxtalaşdırılmasına yol verilməməsi, tarixi araşdırmaların miqyasının genişləndirilməsi, Qarabağ həqiqətləri ilə bağlı kitabların çap edilməsi idi. Baxmayaraq ki, ermənilər özlərinə saxta tarix yazıb həqiqətləri inkar etməyə cəhd göstərirlər, onlar daim fakt qarşısında acizdirlər. Təbii ki, təbliğat tarixi faktlara, həqiqətlərə əsaslananda daha inandırıcı, uzunömürlü olur.
Demokratik inkişaf dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayandı. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdi ki, respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir. Demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olması istiqamətində ciddi addımlar atıldı. İnsan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan komissiya tərəfindən işlənib hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən azad mətbuatın inkişafına göstərilən diqqətin bariz nümunəsi kimi senzuranın ləğvini xüsusi qeyd etməliyik. Ümummilli Liderin bu addımı ilə mətbuatın inkişafında yeni bir mərhələnin təməli qoyuldu. KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi.Demokratik cəmiyyətin atributlarından biri kimi siyasi partiyaların, ictimai birliklərin normal fəaliyyəti üçün lazımi şərait yaradıldı. Ulu öndər Heydər Əliyev bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir.
Hər bir ölkənin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin demokratikliyinin təmin edilməsi istiqamətində atılan addımlar da təqdirəlayiqdir. Belə ki, 2003-cü ilin mayında qəbul olunan Seçki Məcəlləsi ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin, eyni zamanda, ümumxalq səsverməsinin (referendumun) demokratik, şəffaf və azad keçirilməsini şərtləndirir. Ümummilli Lider qeyd etdiklərimizi ümumiləşdirərək bildirirdi ki, müstəqil Azərbaycan dövləti sözün tam mənasında azadlıq və demokratiya prinsipləri əsasında demokratik cəmiyyət qurur. Siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması uğurlara yol açan əsas amillərdəndir.
Təbii ki, Heydər Əliyev siyasçətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Heydər Əliyev yolu Azərbaycanı dünyanın xoşbəxt ölkələri sırasına daxil etdi. 2003-cü ildən başlanan yol Azərbaycan tarixinə Böyük Yolun davamı kimi daxil oldu. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev hər sahədə atdığı addımları ilə bu siyasətə sadiqliyini nümayiş etdirir. 2003-cü ildə keçirilən andiçmə mərasimində verdiyi ilk vədi də bu olmuşdur: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir.» İllər keçdikcə görülən işlərin miqyası, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunması, ən əsası dünyanın inkişafın Azərbaycan modelindən bəhs etməsi bu vədin konkret əməli işdə təsdiqini tapdığını nümayiş etdirdi. Bu uğurlar cənab İlham Əliyevin 2008, 2013, 2018 və 2024-cü illər prezident seçkilərində qələbəsini şərtləndirdi. Cənab İlham Əliyev hər bir çıxışında xalqa arxalandığını bəyan etməklə, bu fikri bildirir ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ona daha böyük güc verir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Dövlətimizin başçısı İlham Əliyev neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafının vacibliyini irəli sürdü və bu istiqamətdə davamlı addımlar atdı. Regionların potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə geniş yol açdı. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandı. Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim etdi.
Bütün bunlara yol açan sabitliyin, təhlükəsizliyin təminatı həmişə olduğu kimi, son 21 ildə də dövlət siyasətinin əsasında dayandı. Bu sabitliyin təminatçısı olan xalq-iqtidar birliyini sarsılmaz edən, təbii ki, insan amilinə verilən dəyərdir. Bütün reallıqların içərisində olan xalq hər addımda özünə diqqəti görür, ölkənin hərtərəfli inkişafından qürur hissi keçirir. İnsan amilinə verilən dəyərdən qaynaqlanan addımlardan biri də cənab Prezident İlham Əliyevin «Neft kapitalını insan kapitalına çevirək!» tezisinin real həyatda öz əksini tapmasıdır.
Azərbaycan ötən bu illər ərzində enerji diplomatiyasında qazandığı uğurları ilə də diqqətdədir. Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi, "Yeni əsrin müqaviləsi»nin imzalanması, yaşıl enerjiyə keçid və sair kimi biri-birindən mühüm uğurlar Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Enerji sektorunda davamlı uğurların əldə olunması, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin reallığa çevrilməsi dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun artmasına, çoxtərəfli əməkdaşlığa xidmət edən yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul verir. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir.
Uğurlarımızda iqtisadi və siyasi islahatların vəhdətinin qorunması əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Son 21 ildə həyata keçirilən demokratik islahatların uğurlu nəticələrini geniş şərh etməyə ehtiyac yoxdur. İnsan amilinə dəyər dövlət siyasətinin əsasıdır. Bunun təsdiqi kimi, bu illər ərzində Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə iki dəfə - 2009 və 2016-cı illərdə ümumxalq səsverməsinin keçirildiyini qeyd edə bilərik. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamına əsasən iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. İnsan hüquqlarının qorunmasına dair Milli Fəaliyyət Planının uğurlu icrası da qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Cənab İlham Əliyev bir vacib məqamı hər zaman bəyan edir ki, hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ölkəmizdə azad mətbuatın inkişafına xidmət edən mühüm addımlar sırasında yeni «Medma haqqında» Qanunu qeyd edə bilərik.
Demokratiyanın inkişaf göstəricilərindən biri kimi seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün atılan addımları da xüsusi qeyd etməliyik. Belə ki, Seçki Məcəlləsinə mütəmadi olaraq edilən əlavə və dəyişikliklər bu prosesin demokratikliyinə geniş yol açır. Tarixə seçki ili kimi daxili olan 2024-cü ildə keçirilən prezident və parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə yeni səhifə yazdı. Azərbaycan təkmil islahatları, demokratiya təcrübəsi ilə növbəti dəfə dünyanın diqqətində oldu. Bu seçkilər fərqliliyi, tamamilə başqa ovqatda keçirilməsi ilə diqqətdə oldu. Bu baxımdan ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Soydaşlarımız 30 ildən sonra öz doğma yurd-yuvlarında səsvermə prosesində iştirak etdilər.
Müstəqilliyimizin bərpasının ilk illəri tariximizin qaranlıq səhifəsi kimi vərəqlənsə də 1993-cü ildən başlanan inkişaf yolu Azərbaycanı tarixi Zəfərə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasına qovuşdurdu. Azərbaycan bütün sahələrdə gücləndi və qarşıysına qoyduğu hədəfə- torpaqlarımızın azad edilməsinə doğru inamla addımladı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların, xalqımızın torpaq, Vətən sevgisinin təqdimatı oldu. Azərbaycan Ordusu gücünü göstərdi. Ermənilərin illərdir yaratdıqları miflər darmadağın edildi. Bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. 44 gündə 30 ilin işğalına son qoymaq özündə bütün məqamları ehtiva edir. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi.
Azərbaycanın Zəfərində diplomatik uğurları əhəmiyyətli rol oynadı. Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır. Dövlət başçısı İlham Əliyev istər 14 fevral 2024-cü il tarixində keçirilən andiçmə mərasimində, istərsə də yeni formalaşan parlamentin ilk iclasında hədəfləri açıqladı. Xarici siyasət uğurlarından geniş bəhs edən cənab İlham Əliyev bildirdi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq.
Məhz bu uğurlara söykənərək cənab İlham Əliyev Çin televiziyasına müsahibəsində «Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır» sualına cavab olaraq bildirdi ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq: «Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.»
Yeganə Əliyeva, "İki sahil"