Fevralın 14-ü dünyanın bir çox ölkəsində "Sevgililər Günü" kimi qeyd edilir. Bu gün bəzən "Müqəddəs Valentin Günü" adlandırılsa da, onun kökləri xristianlıqdan daha əvvəlki dövrlərə, qədim Roma adətlərinə gedib çıxır. Bayramın mənşəyi ilə bağlı bir neçə fərqli versiya mövcuddur.
Bir versiyaya görə, bu günün yaranması Roma imperatoru II Kladiusun dövrünə təsadüf edir. Kladius döyüşkən bir hökmdar olub və ordusunu gücləndirmək üçün gənc kişilərin evlənməsini qadağan edib. Çünki evli kişilərin döyüşə getməyə daha az meylli olduqları düşünülürdü.
Buna baxmayaraq, rahib Valentin gizli şəkildə gəncləri evləndirməyə davam edib. Bu xəbər imperatorun qulağına çatanda Valentin həbs olunub və 269-cu ilin fevralın 14-də edam edilib. Daha sonralar, kilsə onun bu fədakarlığını müqəddəs iş kimi qəbul edərək onu şəhid elan edib və həmin günü "Müqəddəs Valentin Günü" kimi tarixə yazıb.
Başqa bir versiyaya görə, fevralın 14-ü qədim Romada əxlaqsızlığın geniş yayıldığı bir bayram günü idi. Gənc qızlar adlarını kağızlara yazıb bir çəlləyə atır, oğlanlar isə bu kağızlardan birini seçərək həmin qızla bayram boyu birlikdə olurdular. Bu adətə qarşı çıxan rahib Valentin isə onu bərpa etməkdə günahlandırılıb və nəticədə imperator tərəfindən edam etdirilib.
Sevgililər Gününün rəsmi bayrama çevrilməsi
496-cı ildə Papa Helasius fevralın 14-nü rəsmi olaraq "Müqəddəs Valentin Günü" elan edib. Bu qərar bəziləri tərəfindən xristianlığın əxlaqi dəyərlərinə uyğun olmayan qədim Roma adətlərinin legitimləşdirilməsi kimi qəbul edilib. 1969-cu ildə isə Roma Katolik Kilsəsi bu bayramın dini əsaslarını zəif hesab edərək, onu müqəddəslər siyahısından çıxarıb və rəsmi olaraq qeyd olunmasını tövsiyə etməyib.
Sevgililər Gününün qadağan olunduğu ölkələr
Hazırda bir sıra ölkələrdə "Sevgililər Günü"nün qeyd olunmasına müxtəlif səbəblərlə qadağa qoyulub.
Rusiya – Bu gün rus milli dəyərlərinə zidd hesab edildiyi üçün dövlət tərəfindən təşviq edilmir. Universitetlərdə və təhsil müəssisələrində fevralın 14-də şənliklər qadağan olunub.
Almaniya – Burada Sevgililər Günü "psixi cəhətdən sağlam olmayanların günü" kimi qeyd olunur.
İordaniya, Malayziya, Pakistan, Özbəkistan və Türkmənistan – İslam əxlaqına uyğun olmadığı üçün bu bayramın keçirilməsi məhdudlaşdırılıb. Pakistan Ali Məhkəməsi bu günü İslam ənənələrinə zidd elan edərək, ictimai qeyd olunmasını və mediada təbliğ olunmasını qadağan edib.
İran – Fevralın 14-də sevgililərə aid hədiyyəlik əşyaların satışı və reklamı qadağandır.
Səudiyyə Ərəbistanı – 2004-cü ildə verilən fitvada bu günün qeyd olunmaması müsəlmanlara tövsiyə edilib.
Azərbaycanda Sevgililər Günü
Azərbaycanda əksərən "Sevgililər Günü" 30 iyun tarixində keçirilir. Bu tarix 1990-cı il 20 Yanvar faciəsində şəhid olan İlham və onun yoxluğuna dözməyərək intihar edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqələndirilir. Bu hadisə əsl sevgi və sədaqətin simvolu sayıldığından, 30 iyun Azərbaycanda "Sevgililər Günü" kimi qəbul olunub.
Bununla belə, bəzi gənclər və kommersiya qurumları 14 fevralı da qeyd edir, bu gün mağazalar və restoranlar xüsusi kampaniyalar keçirir.
Beləliklə, Sevgililər Gününün tarixi müxtəlif miflər və fərqli izahlarla bağlıdır. Bu bayramı mənimsəyən və ya rədd edən ölkələrin yanaşmaları mədəni, dini və tarixi faktorlarla bağlıdır. Bir tərəfdən, bu gün sevginin, romantikanın simvolu kimi görülür, digər tərəfdən isə bəzi dövlətlər və dinlər tərəfindən əxlaqi və mədəni dəyərlərə uyğun olmadığı üçün qəbul edilmir.
Musavat.com