Roma, 14 fevral, AZƏRTAC
İtaliyanın Siciliya adasındakı Etna vulkanı kül və lava püskürməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun yaydığı məlumatda Etnanın cənub-şərqindəki “Yeni ağız” adlı kraterində partlayış baş verdiyi və vulkanın yamaclarında lava axınının müşahidə olunduğu bildirilib.
Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb. Kül dumanının hündürlüyü 2 kilometr yüksəkliyə çatıb. Adanın ətrafındakı hava məkanının müəyyən hissəsi uçuşlara bağlanıb.
Qeyd edək ki, Etna Avropanın ən hündür və aktiv vulkanıdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma