Bakı, 14 fevral, AZƏRTAC
Almaniya ordusunun döyüş hazırlığının səviyyəsi 2022-ci illə müqayisədə aşağıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyinə hərbi məmurlar, qanunvericilər və müdafiə sahəsi üzrə ekspertlər məlumat veriblər.
Onların sözlərinə görə, yeni hökumət müdafiə xərclərini artırsa belə, xüsusən də hava hücumundan müdafiə sistemləri, artilleriya və əsgər çatışmazlığı səbəbindən uzun müddət geridə qalmış olacaq.
Almaniya Silahlı Qüvvələri Assosiasiyasının rəhbəri polkovnik Andre Vüstner qeyd edib ki, Ukrayna münaqişəsinə qədər Almaniyanın döyüş hazırlıq səviyyəsi 65 faiz təşkil edən 8 briqadası olub. Ukraynaya silah, sürsat və avadanlıqların göndərilməsi, həmçinin ölkənin öz təlimlərini sürətləndirməsi mövcud texnikaya təsirini göstərib.
“Ümumilikdə, bu o deməkdir ki, Almaniyanın Quru Qoşunlarının hazırlıq səviyyəsi 50 faizə qədər düşüb”, - deyə o söyləyib.
Kansler Olaf Şoltsun Almaniyanın “köhnəlmiş” Silahlı Qüvvələrində əsaslı təmir, 2025 və 2027-ci illərdə 40 min hərbçidən ibarət iki diviziyanın NATO alyansına təqdim ediləcəyi ilə bağlı vədlərinə baxmayaraq, ölkə ciddi maneələrlə üzləşib. “Reuters” yazır ki, ondan çox hərbi məmur, qanunverici və müdafiə sahəsi üzrə ekspertlər bu barədə məlumat verib.
Almaniyanın bütün əsas partiyaları hərbi xərclərin NATO-nun tələb etdiyi ÜDM-in minimum 2 faizi səviyyəsində saxlanmasının tərəfdarı olduqlarını bildiriblər. Lakin ABŞ Prezidenti Donald Tramp tələb edir ki, NATO ölkələri hərbi xərclərini iki dəfədən çox artıraraq, ÜDM-in 5 faizi səviyyəsinə çatdırsın. NATO isə hərbi xərcləri təxminən 3 faizə yüksəltməyin mümkünlüyünü nəzərdən keçirir.
Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, hədəf göstəricisini 2 faizə çatdırmaq üçün ölkənin ildə 30 milyard avroya ehtiyacı olacaq.