AZ

Azad edilən Vinnik Türkiyə vasitəsilə Rusiyaya qayıtdı

Rusiyalı Aleksandr Vinnik ABŞ həbsxanasından azad edildikdən sonra Türkiyə vasitəsilə Rusiyaya qayıdıb.

Musavat.com xəbər verir ki, ABŞ həbsxanasından azad edilən rusiyalı Aleksandr Vinnik hazırda Türkiyə vasitəsilə Rusiyaya qayıdıb. Bu barədə onun vəkili Arkadi Bux TASS-a məlumat verib.

“Biz cənab Vinnikin harada olması ilə bağlı yenilənmiş məlumat aldıq. Bildirilib ki, o, təyyarə ilə Türkiyəyə çatıb və daha sonra başqa bir reyslə Rusiyaya uçub”, – deyə o bildirib.

Bux əlavə edib ki, Vinnikin adı saxlandığı cəzaçəkmə müəssisəsinin bazasından silinib.

“Bu, adətən məhbusun ABŞ federal marşallarına təhvil verildiyini göstərir. Bu halda biz bilirik ki, proses beynəlxalq təhvilverməni əhatə edib. Federal yurisdiksiyaya aid şəxslərin – həm ABŞ daxilində, həm də beynəlxalq ekstradisiya və deportasiya zamanı – köçürülməsi ciddi təhlükəsizlik tədbirləri və məxfilik çərçivəsində həyata keçirilir. Bütün marşrutlar, uçuş planları və təyinat nöqtələri tam məxfi saxlanılır. Bu, həm məhbusların, həm də onları müşayiət edən hüquq-mühafizə orqanlarının təhlükəsizliyini təmin etmək məqsədilə edilir”, – deyə vəkil vurğulayıb.

Vinnikin fransalı vəkili Frederik Belot daha əvvəl TASS-a açıqlamasında ABŞ Dövlət Departamentinin onun azadlığa buraxılmasını təsdiqlədiyini bildirmişdi.

Xatırladaq ki, Vinnik 2017-ci il iyulun 25-də ABŞ-ın tələbi ilə Yunanıstanda saxlanılmışdı. O, artıq fəaliyyəti dayandırılmış BTC-e kriptovalyuta birjası vasitəsilə 4-9 milyard dollar məbləğində vəsaiti yumaqda ittiham olunur. 2022-ci il avqustun 4-də isə ABŞ-a ekstradisiya edilmişdi.

Seçilən
9
medianews.az

1Mənbələr