Dünyaca məşhur idman geyimləri markalarından olan Billabong, Quiksilver və Volcom-un sahibi Liberated Brands LLC ABŞ-da iflas elan edib. Şirkət maliyyə çətinlikləri səbəbindən 124 mağazasını bağlamaq və yüzlərlə işçisini işdən çıxarmaq məcburiyyətində qalıb.
Milli.Az xəbər verir ki, bir zamanlar sörf və skeytbord mədəniyyətinin simvolu olan bu brendlər xüsusilə gənclər arasında böyük populyarlıq qazanmışdı. Lakin, son illərdə idman geyimi sənayesində baş verən sürətli dəyişikliklər və "Nike" və "Adidas" kimi nəhəng brendlərin bazarda daha yaxşı mövqeyə gəlməsi ilə bu markaların bazar payı azalıb.
Şirkətin CEO-su Todd Hymel açıqlamasında makroiqtisadi problemlər, faiz dərəcələrindəki sürətli artımlar, inflyasiya və tədarük zəncirindəki gecikmələrin şirkətin gəlirləri üzərində ciddi təzyiq yaratdığını bildirib. Şirkətin 16 fevral 2025-ci ildən etibarən Billabong, Quiksilver və Volcom mağazalarındakı hədiyyə kartlarının etibarsız olacağı qeyd olunub. Hal-hazırda şirkətin yalnız 3,3 milyon dollar nağd pul ehtiyatı qalıb, bu da əməliyyatları yalnız bir həftə davam etdirməyə imkan verir.
Liberated Brands LLC-nin iflası idman geyimləri bazarının güclü dəyişikliklər və rəqabət qarşısında necə ağır təsirlər aldığını bir daha göstərir.
Fidan
Milli.Az