1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Son illərdə belə fikirlər yaranıb ki, ana südü yalnız tam sağlam qadınlardan faydalıdır və müxtəlif çatışmazlıq vəziyyətləri, xəstəliklərin yayılmasını nəzərə alaraq, uşaq qidaları körpə üçün daha yaxşı seçim ola bilər.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı pediatr Gözəl Rəhimova bu mövzu ilə bağlı danışıb.
O, əvvəlcə ana südünün üstünlüklərini qeyd edib:
"Ana südü xüsusilə zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineralların optimal nisbətini özündə ehtiva edən unikal bir məhsuldur. Bundan əlavə, ana südü uşağın bağırsaq mikrobiotasını formalaşdıran canlı bakteriyalar ehtiva edir. Bu bakteriyalar mədə-bağırsaq traktının və immun sisteminin sağlamlığının qorunmasında mühüm rol oynayır", - deyə o bildirib.
Pediatrın sözlərinə görə, ana südündəki qida maddələri adaptasiya olunmuş süd qarışığına nisbətən körpənin orqanizmi tərəfindən daha yaxşı mənimsənilir. Məsələn, ana südündəki dəmir 50-70% mənimsənildiyi halda, qarışıqdan cəmi 10% mənimsənilir.
"Südün tərkibi uşağın yaşından, günün vaxtından, hətta əmizdirmə fazasından asılı olaraq dəyişir. Məsələn, əmizdirmənin əvvəlində susuzluğu aradan qaldırmaq üçün daha çox su, sonunda isə yağ və kalori vardır. Heç bir qarışıq bu dinamikliyi təkrarlaya bilməz. Ana südü, uşağın immunitetini gücləndirən, infeksiyaların (xüsusilə tənəffüs və mədə-bağırsaq) və allergik reaksiyaların riskini azaldan qoruyucu anticisimlər və digər immun faktorları ehtiva edir", - deyə Rəhimova əlavə edib.
O həmçinin qeyd edib ki, ana südü ilə qidalanma, ana ilə uşaq arasında emosional əlaqənin sürətlə qurulmasına kömək edir ki, bu da körpənin psixoloji və zehni inkişafına müsbət təsir göstərir.
"Əmizdirmə prosesi körpəni sakitləşdirir və ona özünü qorunmuş və lazımlı hiss etməyə kömək edir", - deyə həkim vurğulayıb.
![](https://static.cdnsb.net/afm/images/2025/02/14/16692641.jpg)
Mütəxəssis bildirib ki, ana südü ilə qidalanma iqtisadi cəhətdən sərfəli və praktiki baxımdan çox rahatdır, çünki istənilən şəraitdə uşağı yedirtmək imkanı var və ana südü hazırlanma və saxlanma üçün xüsusi şərait tələb etmir.
"Tədqiqatlar göstərir ki, ana südü ilə qidalanma gələcəkdə uşaqda piylənmə riskinin azalması və süddəki çoxdoymamış yağ turşularının mövcudluğu sayəsində koqnitiv inkişafın (IQ) yaxşılaşması ilə əlaqələndirilir. Ana südü ilə qidalanan uşaqlarda yetkin yaşda şəkərli diabet, hipertoniya və ürək-damar xəstəliklərinin inkişaf ehtimalı azalır", - deyə pediatr qeyd edib.
Onun sözlərinə görə, ana südü ilə qidalanma qadınlar üçün də faydalıdır, çünki süd vəzi xərçəngi, yumurtalıq xərçəngi, 2-ci tip şəkərli diabet riskini azaldır və doğuşdan sonra bərpa olmağa kömək edir.
![](https://static.cdnsb.net/afm/images/2025/02/14/16692643.jpg)
Lakin həkim qeyd edib ki, ana südünün aşkar üstünlüklərinə baxmayaraq, süni qidalanmanın həqiqətən zəruri və ya hətta üstün tutulması lazım olan bəzi vəziyyətlər mövcuddur. Bunlara aiddir: tibbi əks göstərişlər (ana və uşaqda bəzi xəstəliklər); anada hipoqalaktiya (südün kifayət qədər ifraz olunmaması); anada çatışmazlıq vəziyyətləri (vitamin və mikroelementlərin ciddi çatışmazlığı); ananın bəzi dərmanları qəbul etməsi; ananın psixoloji rahatlığı.
"Ana südü hər bir körpənin ehtiyaclarına uyğunlaşmaq qabiliyyəti və unikal tərkibi sayəsində körpələrin qidalanmasında "qızıl standart" olaraq qalır. Lakin real həyatda yalnız ana südü ilə qidalanmanı təmin etmək həmişə mümkün olmur. Adaptasiya olunmuş süd qarışıqları ana südü ilə qidalanmanın mümkün və ya arzuolunmaz olduğu vəziyyətlərdə uşaqların sağlamlığını qorumaq üçün vacib və təhlükəsiz bir resursdur. Hər bir ana tibbi tövsiyələr, ailə dəyərləri və məişət şəraitinə əsaslanaraq qərar verməlidir. Əsas məsələ, uşağı inkişafı üçün tam dəyərli qida ilə təmin etmək və onu qayğı və sevgi ilə əhatə etməkdir", - deyə Rəhimova yekunlaşdırıb.