AZ

27 min qızılbalıq yoxa çıxdı - Tapana pul mükafatı

Norveçin Troms şəhərindəki Storvika V müəssisəsində qəfəsin zədələnməsi nəticəsində 27.000 qızılbalıq dənizə qaçıb. Dünyanın ən böyük dəniz məhsulları şirkətlərindən biri olan Mowi bu balıqları tapanlara 500 Norveç kronu (təxminən 45 dollar) mükafat verəcəyini açıqlayıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər qaçan qızılbalıqların vəhşi növlər üçün ciddi təhlükə yaratdığını bildirirlər. Onların genetik müxtəlifliyi azaltdığı və dəniz bitlərinə yoluxma riskini artırdığı vurğulanır.

Norveç Balıqçılıq İdarəsi qaçan balıqları tutmaq üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirməyə başlayıb. Balıqların daha böyük ərazidə yayılması səbəbindən ov işləri əvvəlki qaydalardan fərqli aparılacaq.

Mowi şirkəti hadisəni "ciddi və acınacaqlı" adlandıraraq, ovlanan balıqların rəsmi qeydiyyatda olan balıqçılar vasitəsilə balıq qəbulu mərkəzlərinə çatdırıla biləcəyini bildirib.

Qeyd edək ki, ötən yay Norveçdə vəhşi qızılbalıqların populyasiyası tarixi minimuma düşdüyü üçün 33 çayda balıq ovu qadağan edilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, süni şəkildə yetişdirilən qızılbalıqların vəhşi növlərlə qarışması onların təbiətdə yaşama ehtimalını azaldır.

Qaçan qızılbalıqları tapmaq istəyənlər üçün mükafat proqramı davam edir.

Fidan
Milli.Az

Seçilən
0
4
milli.az

5Mənbələr