Sevginin günü olmur, lakin bəzi günlər bizə əsl sevginin nə qədər dəyərli olduğunu xatırlatmaq üçün var. Bu xüsusi günlərdən biri də “14 fevral – Sevgililər Günü”dür.
“Qafqazinfo” xəbər verir ki, “Valentin günü” də adlandırılan bu bayram hər il fevralın 14-də dünyanın əksər ölkələrində qeyd edilir.
Başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edir. III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda göstərilib. O zamanlar Valentin Romada rahib idi.
Valentin imperatorun “Luperkalia” bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edib.
İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tarixində xristian məzarlığında dəfn edilir.
Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” deyə məktublar göndərməsidir. Bu fakt, ümumiyyətlə, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini də önə çəkir.
14 fevralın “Valentin günü” adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan “Luperkalia” bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir.
Qeyd edək ki, “Sevgililər Günü”nü bəzi müsəlman ölkələri qeyd etmir. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan bu günü qeyd etməyən ölkələrdir.