AZ

Yüksək inam, sarsılmaz etimad!

Prezident İlham Əliyev 14 fevral 2024-cü il tarixində and içib

Ötən il fevralın 7-də müstəqil Azərbaycanın tarixində daha bir əlamətdar hadisə yaşandı - növbəti Prezident seçkiləri böyük uğurla baş tutdu. Bu dəfə də Azərbaycanı zirvələrdən-zirvələrə yüksəldən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev mütləq səs çoxluğu ilə seçkilərin qalibi oldu. 14 fevral 2024-cü il tarixində isə dövlətimizin başçısı and içdi. O, Milli Məclisdə keçirilən andiçmə mərhələsində söylədiyi dərinməzmunlu nitqində keçilən yola, ölkənin hər cəhətdən müsbət reallıqlarına nəzər saldı və diqqəti qarşıda duran prioritetlərə yönəltdi.

Uğurlarla, qələbələrlə dolu illər

Prezident İlham Əliyev xalqın və dövlərin mənafeyinə uyğun, bu maraqları qoruyan  siyasət həyata keçirir - cəmiyyətdən gələn sosial sifarişlərə xüsusi həssaslıqla yanaşır. Buna görə də bütün cəmiyyətin Prezident İlham Əliyevə hörmət və ehtiramı həmişə yüksək səviyyədə olub. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində seçkilərdə Ona yenidən böyük etimad və dəstək göstərən doğma xalqına öz dərin təşəkkürünü bildirərək bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb. “İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Son 20 ildə Prezident İlham Əliyevə ümumxalq rəğbətinin davamlı olaraq artdığını müşahidə edirik. İlham Əliyev Prezident seçkiləri marafonuna ilk dəfə 2003-cü ildə qatılıb. Həmin il oktyabrın 15-də  demokratik qaydada keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 76.84% faizdən çoxunun etimadını qazanaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci ildə baş tutan prezident seçkilərində seçicilərin 88,73 faiz səsini qazanıb. 2013-cü il prezident seçkilərində 84,54 faiz səsini qazanan İlham Əliyev, 2018-ci il aprelin 11-də baş tutmuş növbədənkənar Prezident seçkilərində 86,02 faiz seçici etimadı əldə edib.

Müstəqillik tariximizdə bir ilk

Ötən il fevralın 7-də baş tutan Prezident seçkilərinin dövlətimiz və xalqımız üçün müstəsna önəmi var - 7 fevral seçkiləri tarixi Zəfər seçkiləri kimi dəyərləndirlir. Bu da onunla bağlıdır ki, 30 illik müstəqillik tariximizdə Prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazisində baş tutub. Azərbaycan müstəqilliyinin elə ilk vaxtlarından işğal faktı ilə üzləşmişdi. Bu səbəbdən  də 450 minə yaxın seçici Azərbaycanın müxtəlif ərazilərində səs vermək məcburiyyətində qalırdı. Ancaq 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi və ilk olaraq 7 fevral Prezident seçkiləri ölkənin bütün ərazisində təşkil olundu.

7 fevral seçkiləri  respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə əsas ümummilli ideyamızın həyata keçirildiyi bütöv bir mərhələnin yekunu və qarşda yeni mühüm çağırışların dayandığı növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Prezident İlham Əliyev qürur hissi ilə “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi”, - deyə vurğulayıb.

Bəli, xalqımızın 30 il həsrətlə gözlədiyi Zəfərin,  İkinci Qarabağ müharibəsində, lokal xarakterli antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələrin əsas memarı məhz Prezident İlham Əliyevdir və seçkilərin qalibi olmaq da onun halal haqqıdır.  “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi”, - deyə Prezident İlham Əliyev xatırladıb.

Ölkəmiz, xalqımız tarixi zəfərlərin əldə olunmasınadək Onun liderliyi ilə uzun yol keçdi. Bu keçilən yolda Özünün təbirincə desək, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən İlham Əliyev hər mərhələdə yaranan vəziyyətə və çağırışlara adekvat addımlar atmağı və düzgün qərarlar verməyi bacardı. Onun fəal, çevik diplomatiyası beynəlxalq miqyasda ölkəmizin mövqelərini möhkəmləndirdi. Dünyada dostlarımızın sayı artdı, beynəlxalq tədbirlərdə haqq səsimiz eşidildi, ermənilərin yalan təbliğatı iflasa uğradı.

Növbəti mərhələnin başlanğıcı

Paralel şəkildə, Prezident İlham Əliyev  ölkənin iqtisadiyyatının gücləndirilməsi qayğısına qalıb.  Alınan qərarlar, bir-birini tamamlayan islahatların məntiqi nəticəsi olaraq respublikamızın iqtisadi müstəqilliyi, bu əsasda da siyasi müstəqilliyi tam təmin olunub. İqtisadi müstəqillik zəminində ordu quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Azərbaycan qısa müddətdə dünyanın 50 ən güclü ordusu sırasında yer alan Silahlı Qüvvələrini formalaşdırmağa nail olub. Eyni zamanda, İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə respublikamızda Vətənə, ənənələrimizə və milli dəyərlərimizə bağlı olan gənc nəsil formalaşıb. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, 44 günlük müharibənin əsas ağırlığı da məhz vətənpərvər gənclərimizin üzərinə düşüb.

İndi isə biz yeni çağırışlarla üz-üzəyik. Prezident İlham Əliyev yeni strateji mərhələnin prioritetlərini də müəyyənləşdirib və qarşıya Böyük Qayıdışın təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası,  texnoloji inkişaf, iqlim çağırışları, sabitliyin qorunması və digər məsələlərlə bağlı mühüm məqsədlər qoyub.  “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Seçilən
14
yeniazerbaycan.com

1Mənbələr