Azərbaycan Premyer Liqasında yeni mövsümdə legioner limiti tətbiq edilməyəcək. Klublar istəsələr, çempionat oyunlarında start heyətdə 11 əcnəbiyə yer verəcək. Limitin ləğvi qərarından sonra artıq bəzi klublar indidən legioner axtarışlarına başlayıb.
Hazırda Premyer Liqada ən çox legioneri olan komanda “Zirə”dir. Rəşad Sadıqovun rəhbərliyi altında 15 əcnəbi var.
Legioner sayında ikinci pillədə “Qarabağ” yer alıb. Premyer Liqanın liderinin heyətində 14 əcnəbi var.
Legioner limitinin ləğvinin tərəfdarlarından olan “Sabah” da “Qarabağ”la eyni sayda – 14 legionerə sahibdir. “Neftçi” və “Turan Tovuz” hərəyə 13, “Araz-Naxçıvan” isə 12 əcnəbiyə yer verib.
Turnir cədvəlinin son sıralarında qərarlaşan “Sumqayıt”, “Kəpəz”, “Səbail” və “Şamaxı”da isə 10 legioner futbolçu var.
Yeni mövsümdən komandalarda bu saylar demək olar, 20-yə qədər artacaq. İmkanı daha yaxşı olanlar üstünlüyü əcnəbiyə verəcək. Yerli oyunçuların şansları azalacaq, lakin komanda sayının artımı onlarçün bir şansdır və nisbətən zəif büdcəli komandalar əlavə bonuslar qazanmaq üçün yerli oyunçulara üstünlük verə bilər.
Şahin Cəfərov