“Nimesil” dərman vasitəsi orqanizmə mənfi təsirlərinə görə ABŞ və Avropanın bir neçə ölkəsində qadağan olunub.
Tibb mütəxəssislərinin sözlərinə görə, ağrıkəsici kimi istifadə edilən dərman ani olaraq müsbət təsir göstərsə də insanın daxili orqanlarına çox sayda zərər verir. Dərmanın mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri parçaladığı, mədəyə hətta qanaxmaya səbəb olacaq qədər zərər verə biləcəyi qeyd olunur.
Məlumdur ki, ölkəmizdə də respirator virsularına, qripə, səbəbi bilinməyən baş ağrısına qarşı da müxtəlif toz dərmanlardan, xüsusilə “Nimesil”dən istifadə edilir. Həkimlər “Nimesil”dən davamlı, uzunmüddətli istifadə edilməsini isə tövsiyə etmirlər.
Bütün bunlardan sonra adıçəkilən dərmanın ölkəmizdə də qadağan olunması müzakirələrə səbəb olub. Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunub ki, nimesulid tərkibli dərman vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı qərarlar milli tənzimləmə yanaşmalarından asılıdır.
Müzakirələrdən sonra, xüsusilə qış mövsümü olduğu üçün ölkədə respirator virusuna yoluxma hallarının artdığı vaxtda apteklərdə “Nimesil”in satışı ilə bağlı durumu öyrənməyə çalışdıq.
Aptek əməkdaşlarının Bizim.Media-ya verdikləri məlumata görə, hələki dərmanın satışında heç bir dəyişiklik yoxdur.
MÖVZU İLƏ BAĞLI:
"Nimesil" Azərbaycanda QADAĞAN EDİLƏCƏK? – RƏSMİ / VİDEO
Olduğumuz apteklərdən “Nimesil”in əvvəlki qaydada, əvvəlki sayda alındığını qeyd ediblər.
Apteklərdə söhbətləşdiyimiz alıcıların əksəriyyəti əvvəlki kimi Nimesili digər toz dərmanlarla qarışdırılıb içmədiklərini dedilər. Buna səbəb bu qarışımın insan orqanizminə vurduğu zərərlə bağlı yazılanlardır.
Günay Şahmar, Bizim.Media