İsrail və HƏMAS arasında növbəti əsir mübadiləsi baş tutacaq.
Bu barədə HƏMAS hərəkatının mətbuat xidməti xəbər yayıb.
Daha əvvəl, HƏMAS İsrailin razılaşmanın şərtlərini pozduğunu iddia edərək, əsirlərin azad edilməsini təxirə salmışdı.
Bundan sonra israil prezidenti İsak Hersoq və ölkənin baş naziri Benyamin Netanyahu fələstinin silahı qruplaşmasına sərt xəbərdarlıq edərək fevralın 15-dək girovların azad edilməyəcəyi təqdirdə atəşkəsə son qoyulacağını və İsrail qüvvələrinin anklavda hücum əməliyyatlarını bərpa edəcəyini bildirmişdi.
Ardınca isə ABŞ prezidenti Donald Tramp da məsələyə qarışaraq, şənbə günü günorta saatlarına qədər Qəzzadakı bütün məhbusların azad edilməyəcəyi təqdirdə əsl qiyamət qopacağını demişdi.
Məlumata görə, HƏMASın Qəzza üzrə rəhbəri Xəlil əl-Həyya Qahirəyə yollanaraq Misirin kəşfiyyat rəhbəri və digər rəsmilərilə danışıqlar aparıb.
Misir və Qətər rəsmiləri atəşkəs razılaşmasının dayandırılmaması üçün diplomatik səyləri gücləndirəcəklərini bəyan ediblər.
Danışıqlara vasitəçilik edən hər iki tərəf, Misir və Qətər həm İsrailin, həm də HƏMASın razılaşmanın şərtlərinə əməl etməsini təmin etmək üçün nəzarəti gücləndirəcəklərini bildiriblər.
Danışıqlardan sonra HƏMAS bəyanat yayaraq, razılaşmanın bütün şərtlərinin yerinə yetirilməsi zərurəti, xüsusən də karvanlar, çadırlar, ağır tikinti texnikası, tibbi ləvazimat və yanacaq tədarükünə diqqət yetirdiklərini bildirib.
Qeyd olunub ki, vasitəçilər "maneələrin və boşluqların aradan qaldırılması" üçün işləmək barədə razılığa gəliblər.
Müvafiq olaraq, HƏMAS imzalanmış sazişin yerinə yetirilməsi, o cümlədən müəyyən edilmiş vaxt qrafikinə uyğun olaraq əsirlərin mübadiləsi ilə bağlı öhdəliklərini təsdiqləyib.
Atəşkəs razılaşmasının birinci mərhələsinin altı həftə davam etməsi və ümumilikdə 33 israilli girovun Qəzzadan olan təxminən 1900 fələstinli məhbusla dəyişdirilməsi nəzərdə tutulur.
Yanvarın 19-dan qüvvəyə minən atəşkəsdən indiyədək 16 israilli girov azad edilib. Həmas, həmçinin razılaşmanın şərtlərindən kənar 5 taylandlı girovu təhvil verib.
Razılaşmanın şərtlərinə əsasən, HƏMAS fevralın sonunadəkl iki uşaq və bir qadın olmaqla daha 17 israillini azad etməlidir. Buna baxmayaraq, 33 nəfərdən ibarət siyahıda qeyd olunan girovlardan 8-nin həyatda olmadıqları bildirilir və onların nəşlərinin ailələrinə təhvil veriləcəyi gözlənilir.
Razılaşma həmçinin İsrail qüvvələrinin Qəzzanın sıx məskunlaşdığı ərazilərdən çıxarılmasını, yüz minlərlə məcburi köçkün fələstinlinin şimaldakı evlərinə qayıtmasını və hər gün yüzlərlə yardım maşınının əraziyə buraxılmasını ehtiva edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta