AZ

“Ustanın forslanmaq üçün sürücünün maşınını qaçırtması oğurluqdur”-Özəl

Maşın təmiri sexlərində avtomobilinizi ustaya verərkən diqqətli olun. Belə ki, usta sizin icazəniz olmadan avtomobilinizdən istifadə edə bilər. Əksər hallarda bu baş verir də. Bu proseslə rastlaşan sürücülər əsasən kasıb təbəqənin adamlarıdır. Ölkədə rəsmi avtoservislərə qiymət bahalığına görə getmək imkanı olmayan həmin sürücülər məcburiyyətdən fərdi sexlərə üz tutur, avtomobili həmin sexlərdə ucuz təmir etdirmək istəyirlər. Oxşar hadisə bir neçə gün öncə qəhrəmanımız Arif Məmmədovun da başına gəlib. Belə ki, avtomobilini təmir üçün ustaya həvalə edən müştəri 2 gün sonra maşınına qovuşub. Bu zaman isə görüb ki, 2 gün ərzində müəyyən məbləğdə cərimə gəlib. Daha sonra aydın olub ki, usta 2 gün ərzində onun avtomobilindən istifadə edib və cərimələnib. Lakin bunu ona heç cür sübut edə bilməyib.
 
Hüquqşünas Emil Aslanov Moderator.az-a açıqlamasında bildirib ki, zərərçəkən şəxs mütləq şəkildə məhkəməyə müraciət etməlidir: 
 
“Müştəri açarı ustaya veribsə, usta da onun iradəsinə zidd avtomobili götürüb qəza törədirsə, təbii ki, burada ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib, ziyanını tələb edə bilər. Və yaxud avtomobil cəriməyə düşübsə, yenə də qayda-qanunla həmin şəxsi məhkəməyə verməklə cəriməni ona ödətdirə bilər” deyə hüquqşünas bildirib.
Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev isə saytımıza açıqlamasında bildirib ki, ustanın müştərinin avtomobilini icazəsiz qaçırtması oğurluq sayılır:
 
“Çünki nəqliyyat vasitəsi, hər-hansı daşınan və daşınmaz əmlak, ağır texnikalar belə icazəsiz götürülürsə, bu artıq hüquqi müstəvidə oğurluq halı kimi qiymətləndirilir. Bu kimi halların qarşısını almaq üçün qanuni şəkildə fəaliyyət göstərən servis və yaxud texniki xidmət mərkəzləri ilə əməkdaşlıq etmək lazımdır. Rəsmi qaydada fəaliyyət göstərməyən yerlərə etibar etmək olmaz. Bu kimi hallar daha çox maşınyuma yerlərində baş verir. Böyük problemlər yaranır. Usta “forslanmaq” üçün başqasının maşınını öz maşını kimi istifadə edir, şəhəri gəzir. Qəza da olur, bəzən yol polisləri də həmin sürücünü saxlayır. Bu kimi hadisələrdən sığortalanmaq üçün açarı həmin şəxslərə verməmək və ustaya nəzarət etmək lazımdır” deyə ekspert bildirib.
Seçilən
3
moderator.az

1Mənbələr