AZ

S.Rüstəm uğundu: – Ədə, dedi, - dərddən yox ey, dörddən...

Cümə Qiraəti

“21 Azər” Nezhətinin (inqilabının) yubiley gecəsini keçirmək üçün Qubaya getmişdik. Üç nəfər idik. Yoldaşlarımdan biri “21 Azər” Nezhəti haqqında məruzə etdi. Biri də öz xatirələrini danışdı. Növbə mənə çatdı. Kürsüyə qalxıb bir neçə şeir oxudum. Salondakılar bizi hərarətlə qarşıladı. Rəsmi hissə qurtardı. Səhnədən düşün salonda birinci sırada əyləşdik. Konsert başlandı. Müğənnilər növbə ilə oxuyurdular. Yaxşı da oxuyurdular. Ancaq hamı Rübabə xanımı gözləyirdi. Rübabə xanım səhnədə görünəndə hərarətli alqışlar salonun daş-divarlarını titrətdi. Onun çatma qaşları sanki baş-başa vermiş iki misra idi. Biri hicrandan danışırdı, biri vüsaldan... Özü də Rübabə yanğısıyla, Rübabə nisgiliylə, Rübabə həsrətiylə danışırdı...

Konsertdən sonra qonaq evində ziyafət verildi. Mən masa arxasında Rübabə xanımla qabaq-qənşər əyləşmişdim. Yubiley gecəsinin iştirakçıları sağlıq deyir, yeyir, içirdi. Mən də:- İcazənizlə,-deyib Rübabə xanımın qədəhinə konyak süzdüm. O, etiraz etmədi. Mənə demişdilər ki, Rübabə xanım arabir içir. Sənətkar adamdır. Bəlkə ilhama gəlmək üçün içir. Nə olsun qadındır? İndi qadınlar da içir. Bəlkə Rübabə xanım dərddən içir. Özü də Vətən dərdindən! Vətən dərdindən də böyük dərd olarmı? Bir dəfə şəhər içində Sahib Şükürova rast gəldim. Mən Təbriz Dövlət Filarmoniyasında müdir olanda , o da solist idi. O məni “İnturist”də şama qonaq etmək istədiyini dedi. Etiraz etmədim. Biz “İnturist”in yemək salonuna daxil olanda Süleyman Rüstəmin, Ənvər Məmmədxanlının, Mikayıl Rəfilinin bir masa ətrafında əyləşib şam etdiklərini gördük. Mən bu söz ustalarına salam verib yanlarından keçəndə üçü də qalxıb bizi başqa masa arxasında əyləşməyə qoymadılar. Öz yanlarında əyləşdirdilər. Biz də yeyib-içməyə başladıq. Arada dayanıb Süleyman Rüstəmin duzlu zarafatlarına qulaq asmaq istədik. Bu zaman M.Rəfili dedi ki, siz bizə baxmayın. Yeyin, için! Biz dörddən içirik. S.Şükürov nisgillə dedi ki, Vallah, elə biz də dərddən içirik. S.Rüstəm uğundu: – Ədə, dedi, - dərddən yox ey, saat dörddən içirik. Bu dəfə hamımız uğunduq...

Ziyafətdən sonra biz qonaq evindəki otaqlarımıza çəkildik. Gecə yarıdan keçirdi. Yorğun idi. Soyunub çarpayıda uzanmaq istəyirdim. Birdən otağın qapısı döyüldü. Qapını açdım. Gələn Rübabə xanım idi. Dərhal stul çəkin: - Əyləşin! – dedim. Əyləşmədi. – Yox! -  dedi. – Gedək mənim otağıma. Mən səmimiyyətlə: - Gedək” – dedim. Getdik. Bu dəfə Rübabə xanım stul çəkdi. Mən əyləşdim. O əyləşmədi. Sual dolu maraqla: - Siz “Mən də gətirdim” şeirini əzbərdən bilirsiz? – deyə məndən soruşdu. Mən etirafla: - Bəli! – dedim. Rübabə xanım əl çantasını götürüb açdı. İçindən qələm-dəftər çıxartdı. Deyəsən şeiri yazmaq istəyirdi. Mən maraqla! – Siz o şeiri yazmaq istəyirsiniz? – deyə müsahibimdən soruşdum. Rübabə xanım qətiyyətlə: - Bəli – dedi. Mən təəccüblə: - Axı, eşitmişəm ki, siz haçansa, hardasa bu şeiri “Segah” üstündə oxuyubsunuz. Deməli, əzbər bilirsiniz – dedim. Müsahib etirafla: - Doğrudur! -  dedi. Bu şeiri musiqi məktəbinə qəbul olunanda oxumuşam. Özü də “Segah” üstündə! Bunu da məndən imtahan götürən musiqi müəllimi özü xahiş etmişdi. Ancaq o gündən sonra gör nə qədər vaxt keçib. Bəlkə bu şeiri indi oxuyanda bir sözünü dəyişik saldım, ya da unutdum. Bəs sonra? Onda bu, müəllifə hörmətsizlik olar. Yox! Mən dəqiq adamam. Başqalarının da dəqiq olmalarını istəyirəm. Sabah Bakıda keçiriləcək yekun yubiley gecəsində bu şeiri oxumaq istəyirəm. Özü də “Segah” üstündə! Ona görə də sizdən xahiş edirəm, şeiri oxuyasınız, mən də yazım – dedi. Mən şeiri hərarətlə oxudum. Bəli! Elə hərarətlə oxudum ki, sanki, indicə yazmışdım. Rübabə xanım yazırdı. Ancaq mənim səsim, onun əli titrəyirdi... O, şeiri yazıb qurtardı. Qələm-dəftərini əl çantasına qoydu. Səhər yola düşəcəkdik. Mən Rübabə xanımla xudahafizləşib otağıma qayıtdım. Soyunub yatağıma girdim. Ancaq yata bilmədim. Rübabə xanım öz otağında “Humayun” üstündə həzin-həzin oxuyurdu. Yadıma Bakıdakı sevimli bəstəkarımız Cahangir Cahangirovla bir telefon söhbətimiz düşdü. O dedi ki, mən müharibə illərində Təbrizdə olanda böyük sənətkar Əbülhəsənxan İqbalın Təbrizdə yaşadığını bilirdim. O ustad xanəndə ilə görüşmək arzusu məni rahat qoymayırdı. Ancaq bu arzumu öz yoldaşlarıma deməyə utanırdı. Bir gün cürətlənib öz arzumu unudulmaz yazıçımız Əvəz Sadığa bildirdim. O zaman Əvəz Sadıq Təbrizdə incəsənət məsələlərilə məşğul olurdu. O, təkidlə mənə: Utanmaq gərək deyil! Gedək! – dedi. Biz Əbülhəsənxanın evinə yollandıq. O bizi azərbaycanlılara məxsus qonaqpərvərliklə qarşıladı. Otağın döşəməsi boyda yerə sərilmiş xalça üstündə əyləşdik. Bir az sonra qarşımzda xudmani süfrə açıldı. Çay, şirniyyat, meyvə gəldi. Yedik, içdik. Sonra o taydan-bu taydan söhbət etdik. Söz Şimali Azərbaycanın musiqi xadimlərindən düşəndə Əbülhəsənxan dedi ki, sizdə Seyid Şuşinski yaxşı oxuyur. ( Rübabə xanımın sənət müəllimi də Seyid Şuşinski olub). Xoşuma gəlir. Minnətdarlıqla Əbülhəsənxana dedim ki, o da sizi iftixarla ustad adlandırır. Əbülhəsənxan fərəhlə gülümsədi. Biz bilirdik ki, ustad nadir hallarda oxuyur. Mən Əvəz Sadığın qulağına pıçıldadım ki, görəsən ustad bizə bir şey oxuyarmı? Axı, onun ecazkar səsinin vurğunu olsam da, səsini canlı eşitməmişəm. Ustad həssaslıqla: - Cavan oğlan nə buyurur? – deyə Əvəz Sadıqdan soruşdu. Əvəz Sadıq səmimiyyətlə arzumu ona bildirdi. Ustadın rəngi bozardı, sonra tutuldu. Daha sonra açıldı. Dediyimə peşman oldum. Ancaq sən demə, mən düşünən tək deyilmiş. Ustad uzu tufan qabığı tutulub-açılan havanı andırırmış. O, bizə böyük hörmət əlaməti olaraq bir “Humayun” dindi, nə dindi! Mən Əbülhəsənxanın evində olduğumu tamam unutdum. Sandım ki, bir dağın güllərlə naxışlanmış ətəyindəyəm. Dağın zirvəsindəsə bir büllur şəlalə çağlaya-çağlaya axıb tökülür. Doğmalıq, mərdlik, xeyirxahlıq nəğməsi oxuyur... Birdən yanımda bir pıçıldı eşitdim: - Sənə nə oldu? Rəngin niyə avazıyıb? Pıçıldayan Əvəz Sadıq idi. Bu sözlə?i də mənə o deyirdi. Sən demə, ustadın oxuduğu “Humayun”un yanğılı xalları iliyimə qədər hopub ruhumu bədənimdən ayırıbmış...

Mən Rübabə xanımın həzin-həzin oxuduğu “Humayun”un məhrəm qanadları altında yuxuya getdim. Sonra yuxuda da Rübabə xanımı gördüm. O yenə də səhnədə vüqarla dayanıb oxuyurdu. Səsində məyusluq da vardı, məğrurluq da, kövrəklik də vardı, məntinlik də, intizar da vardı, qətiyyət də...

Maşında yol boyu o, danışırdı. Mən qulaq asırdım. Bəli! O, sənətin qüdrətindən, sənətkarın şöhrətindən hərarətlə danışırdı...

Bakıda ayrıldıq. Yenə yubiley gecəsində görüşəcəkdik. Dekabrın 12-ci gecəsi idi (bizim həm o tayda Milli hökumət qurduğumuz gecə, həm də düz bir il sonra bu taya keçdiyimiz gecə). Salonda boş yer yox idi. İynə atsaydın yerə düşməzdi. Məruzədən sonra konsert başladı. Konsertin son akkordlarını Rübabə xanım vuracaqdı. O, hərarətli nəfəsiylə səhnədə ulduz yox, günəş yandıracaqdı. Rübabə xanım oxuyurdu. “Mən nə gətirdim”i “Segah” üstündə oxuyurdu. Mən qadir nəğməkarın yanıqlı “Segah”ının müşayiətilə neçə-neçə qara köynəkli gecənin içindən keçə-keçə Arazın ağ dalğaları üstə qara qanadlarımı gərmiş buz nəfəsli narahat bir gecəyə düşürdüm. Bu gecənin içi elə dərin, elə qaranlıq idi ki, səhərin haçan açılacağı məlum deyildi. Bəli! Bu gecə də qeyri-adi gecəydi, o səhər də qeyri-adi səhər idi. Mən isə belə bir zamanda bu şeiri Naxçıvanda yazdım. Bu şeir yalnız mənim sənətimin məhsulu deyildi. Həm də ürəyimin harayı idi. Səsi çox uzaqlara getməli idi. Rübabə xanım mənə baxa-baxa oxuyurdu. Gözləri yaşarmışdı. Sanki bu fəryadla dolu şeirin hər misrasını tamaşaçılara daha aydın göstərsin deyə, göz yaşlarında yuyub parlatmaq istəyirdi. Mən isə yenə birinci sırada tərəddüd içində əyləşmişdim. Doğrusu, şeirimin hər misrasının parlamasına sevinsəm də, sevimli müğənninin gözlərinin yaşarmasını istəmirdim. Bir də gördüm ki, öz gözlərimdən də yanaqlarıma yaş axır. Konsert qurtardı. Mən geyim otağının qapısını döydüm. İçəridən Rübabə xanımın: - Buyurun!– deyən məlahətli səsi gəldi. İçəri keçdim. O, paltarını dəyişmişdi. Görüşdük. Mən qardaş məhəbbətilə Rübabə xanımı qucaqlayıb yaş üzündən öpdüm. Bu, istedadlı müğənniyə təşəkkürüm idi. O sevindi. Həsrətlə mənə: -Bir arzum var – dedi. Mən maraqla: “Nədir o arzu?” – deyə soruşdum. Rübabə xanım nisgillə: - “Mən nə gətirdim”i Təbriz səhnəsində oxuyam” – dedi. Mən inala: - İnşaallah, oxuyarsınız – dedim. Sonra yenə ayrıldıq. Evə yollandım. Yolda başımı qaldırıb göyə baxdım. Payızın sonu olsa da göydəki ulduzlarn sarı yarpaqlara  bənzəmirdi. Yox! Büllurlaşa-bülurlaşa parlayırdı. Bu ulduzlar salonda Rübabə xanımı dinləyən adamların yanaqlarında gilələnən göz yaşlarını andırırdı. Ancaq bu göz yaşlarından kədər uduzları yox, sevinc ulduzları doğmalıydı.

Təəssüf ki, Rübabə xanım “Mən nə gətirdim”i Təbriz səhnəsində oxuya bilmədi. Bir gün məşhur müğənnini yana-yana son mənzilə sola saldıq. Səsindəki Vətən yanğısını, nəfəsindəki vüsal həsrətini, sənətindəki rübab hikmətini yadıgar saxladıq. Tale nə deyir-desin, nə yazır –yazsın, inanıram ki, gün gələcək, Rübabə xanımın məlahətlə oxuduğu təravətli mahnılar, əzəmətli muğamlar yazılmış lentlər onun doğulduğu qədim Ərdəbildə də, Təbrizdə də, Urmiyədə də, Mərənddə də, Zəncanda da, Xoyda da, Salmasda da... məhrəm-məhrəm səslənəcəkdir. Rübabə xanımın şeiriyyət dolu nəfəsində həmişə Savalan güllərinin ətri gələcəkdir. O ülviyyət abidəsi olan dağın xatirələrlə naxışlanmış əlvan sinəsində dincələnlər Vətənin nəğməkar qızını günəşli gündüzlərdə də, aylı gecələrdə də minnətdarlıqla anacaqlar...

Seçilən
13
yeniazerbaycan.com

1Mənbələr