ABŞ Dövlət katibi Marko Rubio və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Rişin olduğu Hərbi Hava Qüvvələrinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Vaşinqtona qayıtmaq məcburiyyətində qalıb. Onlar Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedirmişlər.
Moderator.az xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.
Təfərrüatlar:
AP-nin məlumatına görə, hadisə cümə axşamı axşam saatlarında baş verib. Endryus Birgə bazasından havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra "C-32" təyyarəsində pilot kabinəsinin ön şüşəsində problem yaranıb. Bu səbəbdən təyyarə hərbi bazaya qayıtmağa məcbur olub.
Dövlət Departamentinin sözçüsü Temmi Bryus hadisəni təsdiqləyib və Rubionun "Almaniya və Yaxın Şərqə səfərini ayrıca təyyarə ilə davam etdirmək niyyətində olduğunu" bildirib.
"Gecikmənin dövlət katibi Rubio və vitse-prezident J.D.Vensin Ukrayna prezidenti Vladimir Zelenski ilə cümə günü səhər Münhendə keçirilməsi planlaşdırılan görüşünə təsir edib-etməyəcəyi bəlli deyil."