AZ

“Antoni, qırmızı geyinmisən...” - rəngli geyinməkdən niyə qorxuruq?

Bu gün, 09:43

Azərbaycanda çoxluğun seçdiyi geyim rəngi - qara...
Xarici ölkələrdə olarkən küçədə insanların adətən rəngarəng geyindiklərini müşahidə edirik. Türkiyə, İslam respublikası olan İran, hətta keçmiş sovet ölkələri Rusiya və Gürcüstan kimi qonşularımızda insanlar rəngli paltarlar geyinməyə üstünlük verirlər. Az hallarda tünd, əsasən də qara rəngdə geyinmiş adam görmək olar.
Azərbaycanda isə əhali çox vaxt qara geyimə üstünlük verir. Eskpertlər düşünürlər ki, azərbaycanlıların qara rəngi sevməsinin xüsusi izahı var. Bəzi iddialara görə, iki Qarabağ müharibəsi ürəyimizə, psixologiyamıza elə yaralar vurub ki, bu illər ərzində müəyyən dərəcədə qara geyinməyə adət etmişik.
İkinci tərəfdən zövq məsələsi də mühüm rol oynayır. Qara rəngli paltarı müəyyən insanlar qəbul edir və rahatca geyinir. Bəzi insanlar isə qara paltarı qəbul etmir və nadir hallarda, əsasən yaslarda geyinirlər.
Bu həm də psixoloji məsələdir. Öncə qara rəngdə geyinərək gizlənirlər. Fərqlənmək istəmirlər. Getdikcə isə o rəngə alışırlar. Və düşünürlər ki, başqa rənglər onlara yaraşmaz. Ya ağ rəngli paltarlar geyinirlər, ya da qara.
Üçüncü məsələ ətraf mühitlə bağlıdır yəqin ki. Ətrafdakı insanların təsiri altına düşürlər. Onların təkidi ilə geyim seçirlər. Nə vaxtsa bunu dəyişmək qərarına da gəlirlər. Amma dostların, tanışların, qonşuların ona edəcəkləri təzyiqlərdən qorxurlar. 
Qara rəng sevgisinin arxasında daha nələr dayanır? İnsanlar niyə əlvan rənglərdən çəkinir? Qara rəng güvən hissini artırır, yoxsa daxili psixoloji vəziyyətin bir əksi kimi çıxış edir?

Üzeyir Şəfiyev
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, ənənəvi cəmiyyətlərdə əsasən kişilər tünd rəngdən istifadə edir: “Belə cəmiyyətlərdə kişini görəvləndirmək, üzərinə məsuliyyət qoymaq, onu səlahiyyətləndirmək və ciddi obrazda göstərmək bir ənənədir. Qara isə ciddi, əzəmətli və möhtəşəm obraz yaradan bir rəngdir. Kişi mərkəzli cəmiyyətlərdə adətən qara rəng liderlik edir. Hətta əlvan rəng geyinəndə, bu, ictimai qınaqla qarşılanır. Hətta rəngli geyinən kişiyə söz atırlar, lağ ilə deyirlər ki, "Antoni, qırmızı geyinmisən". Bu cür cəmiyyətlərdə fərdin geyimini cəmiyyət özü seçir. Qırmızı şalvar geyinib çölə çıxan kişini təsəvvür etmək çox çətindir. Fərd belə bir geyimdə çölə çıxarsa, gərək ictimai ikrahı da göz önünə alsın. Bu, cəmiyyətin fərd üzərində dominantlığını göstərir. Ənənəvi cəmiyyətlərdə bunu dəyişmək çox çətindir. 
İlin fəsillərindən asılı olaraq ağ rəngə də üstünlük verirlər. Bir vaxtlar İçərişəhər sakinləri və Şamaxı zonasının insanları ağ şalvardan istifadə edirdilər.  Hətta konservativ kişi mərkəzli cəmiyyət bu geyim tərzinə də qınaqla yanaşdığına görə kütləvi hal ala bilmir. Çünki fərd ictimai qınaqla, təzyiqlə üz-üzə qalır. Məsələn, bəzi bölgəmizə səfər edən turistlər şortik geyinir, yerli camaat isə bunu müsbət qarşılamır. Bu, o deməkdir ki, konservativ təfəkkür liberal tərzlərə qarşı dözümlü deyil. Liberal dəyərlər ənənəvi cəmiyyətlərdə müqavimətlə qarşılaşır. Bu baxımdan kişilərin geyimində qara rəngə üstünlük verilir. Kollektiv təsəvvür belə olduğuna görə fərd bu təsəvvürə qarşı çıxmaq gücündə deyil, onunla barışmaq məcburiyyətindədir. Cəmiyyət fərdə deyir ki, ya mənim seçdiyim tərzdə geyinməlisən, ya da sənə xüsusi adlar qoyacam. Ona görə də bu şəxslər cəmiyyətin qaydalarına uyğunlaşmaqda maraqlıdır. Çünki başqa yolu yoxdur". 
QRBe9ROsum5JZ8AbYzbmIzIKR4NlHt1OoFYYSpwj.jpg
Günel İsmayıllı 
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan psixoloq Günel İsmayıllı deyir ki, düşüncədə kütləvi kod sistemi var. Bu sistemdə belə bir anlayış var ki, qaranı digər rənglərlə uyğunlaşdırmaq mümkündür: “Buna görə də zamanla insanlar bu düşüncədən yola çıxaraq balansı bir şəkildə qorumağa çalışıblar. Bu, az xərclə geyimi idarə etmək düşüncəsidir. Qara rəng həqiqətən də bir sıra rənglərlə uyumlu olduğu üçün maliyyə baxımdan da sərfəlidir.
 Lakin müstəqilliyimizdən 10 il keçəndən sonra geyim rəngləri ilə bağlı düşüncə tərzində dəyişikliklər baş verdi. Qara rəng aristokrat rəng olaraq qəbul edildi. Qara əzəmət, xarakter göstəricisi kimi simvolizə edildi. Buna görə də qara rəngə olan münasibət dəyişdi. Ancaq bu dəyişim hər kəs üçün keçərli olmadı.  Yeniliyə, dəyişikliyə açıq olan beyinlər qara rəngi xarakterin göstəricisi kimi geyimdə vurğulamağa başladılar. Bu da günümüzə yeni kodların yaranmasına səbəb oldu. Nəticədə qara rəng tamam başqa bir dizaynla təqdim edildi. Bir qisim isə yeni vərdişlərə meyilli olmadığına görə əvvəlki qayda ilə qara rəngə yanaşdılar. Yəni geyim tərzini az xərclə idarə etməyi seçdilər".
Qeyd edək ki, qadınların qara rəngi seçmələrinin səbəbi zəif görünmək istəkləridir. Qara əslində gücün və nüfuzun rəngidir. Vəzifəli insanlar gücü göstərdiyi üçün qara rəngi seçirlər. Moda sənayesində də qara çox sevilən rəngdir. Çünki qara çox yönümlü, dəyişkən, klassik və zərifdir.
Qara rəngə vurğun olan insanlar ümumilikdə özgüvənli, əzimli və qərarlı olurlar. Digər tərəfdən, bu rəng inada və ehtirasa səbəb ola biləcək rəng olduğu üçün digərlərindən daha doğru zamanda və balanslı bir şəkildə istifadə etmək lazımdır.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Seçilən
22
Reportyor.tv

1Mənbələr