AZ

Afrikadan qovulan Fransa indi də məsuliyyətə cəlb edilir

Yazını böyüt
Yazını kiçilt

Fransa əsgərlərini ölkədən çıxaran Əlcəzair Parisi 1960-1966-cı illərdə ölkəsində törədilən “nüvə cinayətləri”nə görə bütün məsuliyyəti rəsmən tanımağa çağırıb.

Hafta.az-ın yazdığına görə, Əlcəzair Milli Xalq Məclisinin sədri İbrahim Buqali Fransanın Əlcəzairdə ilk nüvə sınağını keçirməsinin (13 fevral 1960-cı il) ildönümü münasibətilə keçirilən anım toplantısında çıxış edib.

"Birlikdə, bir səs olaraq, Fransadan nüvə cinayətlərinə görə bütün məsuliyyəti rəsmən tanımasını tələb edirik" deyib Buqali.

Əlcəzair rəsmisi bəyan edib ki, bu etiraf sadəcə qeyri-müəyyən bir siyasi etiraf deyil, həm də açıq-aşkar mənəvi öhdəlik olmalıdır.

Fransa bölgədə 17 nüvə partlayışı həyata keçirib. Onların dağıdıcı təsirlərinin bu gün də hiss olunduğunu qeyd edən Buqali, partlayışları “mənfur müstəmləkə tarixinin qaranlıq səhifəsi” olaraq xarakterizə edib.

Nüvə bombardmanı nəticəsində geridə qalan şüalanmanın yaratdığı xərçəng xəstəliklərinin və doğuş qüsurlarının ağrısını hər gün yaşadıqlarını vurğulayan Biqali, radiasiyanın hələ də mövcud olduğunu və ətraf mühitə daim təsir etdiyini bildirib.

Fransanın qurbanlara təzminat ödəməsi və nüvə tullantılarının təmizlənməsi çağırışını təkrarlayan Buqali, ölkəsinin müstəqilliyini, azadlığını və suverenliyini bərpa etmək üçün ağır bədəl ödədiyini söyləyib. O bildirib ki, Fransa nüvə bombası qurbanlarına və onların ailələrinə yaşadıqları faciəyə uyğun olaraq ədalətli davranmalı, Əlcəzair xalqının qanuni ədalət haqqını təmin etməlidir.

Spiker həmçinin Fransanı “radiasiya və nüvə tullantıları ilə çirklənmiş torpağın təmizlənməsi, nüvə sınaqlarının aparıldığı sınaq meydançalarının bütün arxivinin Əlcəzairə təhvil verilməsi” ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırıb ki, ekspertlər dəyən ziyanı qiymətləndirsinlər və müvafiq tədbirlər görsünlər.

Fransanın 1960-1966-cı illər arasında Əlcəzair səhrasında ən azı 17 nüvə sınağı keçirdiyi bildirilir. Əlcəzair nüvə tullantılarının yerlərinin açıqlanmasını və qurbanlara və daimi əlilliyə məruz qalanlara təzminat ödənilməsini tələb etsə də, Fransa bundan boyun qaçırır.

Seçilən
22
hafta.az

1Mənbələr