AZ

İrpen şəhərinin meri: Azərbaycan dövlətinə və xalqına dəstəyə görə təşəkkür edirik

Azərbaycanın Ukraynanın bərpası proqramında aktiv iştirakı çərçivəsində İrpen şəhərində görülən işlər tanışlıq olub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyev vilayəti administrasiyasının rəhbəri vəzifəsini icra edən Mikola Kalaşnik, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, SOCAR-ın Ukrayna nümayəndəliyinin əməkdaşları, İrpen şəhər meriyası rəsmiləri əvvəlcə akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkda abidəsi önünə əklil qoyub, xatirəsini yad ediblər.

Sonra isə heyət akademik Zərifə xanım Əliyeva adına lingvistik liseydə və Azərbaycanın əsaslı təmir etdiyi şəhər poliklinikasında olub. Bildirilib ki, müharibədən zərər görmüş liseyin yenidən təmirinə 112 milyon qrivna (2 mln. 600 min dollar) xərclənib. Poliklinikanın bərpasının ikinci mərhələsi radiasiya əleyhinə sığınacağın tikintisini, müasir yanğından mühafizə sisteminin və ventilyasiyanın quraşdırılmasını nəzərdə tutur. Təmirin tam olaraq martın sonuna başa çatması nəzərdə tutulur.

Səfir bildirib ki, Prezident İlham Əliyevin humanist siyasəti nəticəsində son üç ildə Azərbaycanın Ukraynaya etdiyi humanitar yardımın həcmi 40 milyon dolları ötüb: “Azərbaycan dövləti, xüsusilə İrpen şəhərinin bərpasında yaxından iştirak edir. Bu müddətdə valideyn himayəsindən məhrum olmuş 200-dən çox ukraynalı uşaq Azərbaycanda tam tibbi və psixoloji reabilitasiya keçib. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam etməyə hazırdır”.

Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri vəzifəsini icra edən Mikola Kalaşnik deyib ki, dost Azərbaycan xalqı Ukraynaya kömək göstərməkdə davam edir. "Azərbaycan bu çətin gündə bizimlə çiyin-çiyinədir. İndi heç vaxt olmadığı kimi bizə humanitar dəstək lazımdır. Bu şəhərdə bir sıra sosial, səhiyyə obyektlərinin dağıntılardan sonra yenidən qurulması, daha yaxşı vəziyyətə gətirilməsi reallaşdırılır. Hazırda burada 4 sosial və səhiyyə sahələri üzrə obyektlərin bərpası Azərbaycan tərəfindən prioritet məsələ kimi götürülür. Belə humanitar missiyada fəal iştiraka görə Azərbaycana təşəkkür edirik", - vilayət rəhbəri əlavə edib.

İrpen şəhərinin rəhbəri Anjelina Makeeva isə bildirib ki, Azərbaycan İrpendə 2 obyekti köklü bərpa edib: "Bunlardan biri poliklinika, digəri akademik Zərifə Əliyeva adına liseydir. Bu iki obyekt bizim üçün çox önəmlidir. Liseyin bərpası ilə 2 mindən çox şagird təhsilini davam etdirməyə başladı. Bundan sonra isə daha 4 obyektin yenidən qurulması və ya bərpası planlaşdırılır. Bunlar mədəni mərkəz, idman liseyi, yaşayış yerləridir. Biz bu gün o ərazilərdə olduq, layihələr ilə tanış olduq. Bu dəstəyə görə Azərbaycan dövlətinə və xalqına çox təşəkkür edirik".

Seçilən
1
report.az

1Mənbələr