ABŞ Dövlət katibi Marko Rubionun Almaniyanın Münhen şəhərinə yollanan təyyarəsi texniki nasazlıq səbəbindən geri qayıtmalı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentində mənbəyə istinadən “CBS” yayıb.
Bildirilib ki, uçuş zamanı mexaniki problemlə üzləşən təyyarə Endryus bazasına tərəf geri yönləndirilib.
Rubionun Almaniya və daha sonra Yaxın Şərqə səfərinə başqa təyyarə ilə davam edəcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi fevralın 14-dən 16-na qədər Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməli idi. Onun tədbir zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın açıqlamasına görə, bu gün tədbir çərçivəsində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin görüşü baş tutmalıdır.