Donald Tramp və Vladimir Putin bu il aprelin 20-nə təsadüf edən Pasxa bayramına və ya Qələbə Gününün 80-ci ildönümünə, yəni mayın 9-na qədər Ukraynada atəşkəsə nail olmağı planlaşdırır.
“AzPolitika” xəbər verir ki, “Financial Times” (FT) nəşri bu barədə yüksək vəzifəli Ukrayna və Qərb rəsmilərinə istinadla məlumat yayıb.
"Putin bu əlamətdar günlərin birində razılıq əldə etmək istəyəcək", - Ukrayna rəsmisi qeyd edib.
Daha əvvəl Putinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Donald Tramp 9 May Qələbə günü Moskvada keçiriləcək parada gəlməyə qərar verərsə, Kreml onu məmnuniyyətlə qarşılayacaq. O, həmçinin xatırladıb ki, Tramp və Putin telefon danışığında qarşılıqlı səfərlər üçün dəvət mübadiləsi aparıblar.
Vladimir Putinə yaxın mənbələr FT-yə bildiriblər ki, onun əsas məqsədi Rusiyaya 1945-ci ildə Yalta Konfransından sonra Sovet İttifaqının əldə etdiyinə bənzər Avropada təsir dairəsi verəcək yeni təhlükəsizlik arxitekturası yaratmaqdır.
Berlindəki Karnegi Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuyev bununla bağlı nəşrə deyib: “İndi vəziyyət Putin üçün Ukraynada üç il davam edən müharibənin istənilən vaxtında olduğundan daha əlverişli görünür”.
O əlavə edib ki, ABŞ Ukraynaya hərbi və diplomatik dəstəyi, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsini dayandırarsa, Kiyev son dərəcə çətin vəziyyətə düşəcək: “Bundan sonra Avropa ölkələri daha çox müdaxilə və yardəm etsələr belə, bu, böhrandan çıxış yolunun olacağına zəmanət vermir”.
“AzPolitika.info”