AZ

Üstündən xətt ÇƏKİN

(sevgililər üçün yazı)

Donald Tramp ABŞ prezidenti olan gün – yanvarın 21-də brifinqdə bir jurnalist ona belə sual vermişdi: “Sayın prezident, siz seçki dövründə vəd etmişdiniz ki, mən prezident olsam Rusiya-Ukrayna davasını 1 sutkada həll edəcəyəm. Bəs nə oldu?” Tramp söz altında qalan oğlan olmadığını göstərmək üçün dərhal cavab vermişdi: “Hələ yarım günüm qalır”.

Açığı, bu mənə bir az da Türkiyədə uzun illər və dəfələrlə dövlət başçısı olmuş Süleyman Dəmirəlin davranışlarını xatırlatdı. Onu da belə sözlə ilişdirmək, çətinə salmaq mümkün deyildi. Məsələn, bir dəfə mətbuat konfransında jurnalist soruşur ki, əfəndim, siz işsizliyin kökünü 3 aya kəsəcəyinizi vəd etmişdiniz və “bu sözümün altından xətt çəkin” söyləmişdiniz, biz də üç aydan çoxdur elə həmin cümlənin altından xətt çəkməklə məşğuluq, işsizlik isə nəinki azalıb, yox olub, tam əksinə, çoxalmaqdadır. Dəmirəl jurnalistə tərs-tərs baxır, deyir: “Altından xətt çəkmişdiniz, eləmi? İndi də üstündən xətt çəkin”.

Yəni siyasətçilər əslində bütün zamanlarda “çay axmayan yerdə körpü tikməyi vəd edən” (yanılmıramsa, sovet lideri Nikita Xruşşovun kəlamıdır) hiyləgər adamlardır. Bacar, tələyə düşmə. Ya da analiz elə, oxu, öyrən, gör bu adamın vədlərinin arxasında nə durur.

Hazırda Donald müəllimin haqqında da çoxlu tənqidlər oxuyuruq, mən bir dəfə yazdığım kimi, bununla çox razı deyiləm. Tənqidlərlə, yəni. Nəyə görə?

Örnək üçün, hər yerdə belə şüar ortaya çıxıb ki, guya Tramp dünya düzənini, siyasətin, geopolitikanın qayda-qanunlarını pozmaq, dağıtmaqla məşğuldur. Sanki belə qanun-qaydalar varmış! Sanki dünyanın hər işi düzəlibmiş, qalıbmış saqqal darağı. Bunlar hamısı uydurma, əfsanə, yalan-palandan ibarətdir, gerçəkliyi, reallıqları görməzliyə vurmaqdır.

Dünyada düzən var idisə, Putin Ukraynanın 20 faizini (bizim üçün necə tanış rəqəmdir!) işğal edəndə gərək ona salam verən qalmazdı. Amma Çindən Hindistana, Braziliyadan qardaş Türkiyəyə qədər hamı bu acınacaqlı reallığı qəbul etməyə məcbur olub. Nə edəcəksən? Dəlinin əlində atom bombası adlı “yaba” var. Hamı məcburdur pişim-pişimlə danışsın.

Deyirlər Tramp təzə qərar çıxarıb, ABŞ şirkətlərinə dünyanın harasında istəsələr rüşvət vermək qanuniləşib. Nə gözəl. Qabaqlar bu, guya qadağan idi, xüsusilə üçüncü dünya ölkələrində korrupsiya ilə iş görən amerikan iş adamları cəzalanırdı. Amma hamı bilirdi ki, bu qadağalar boş şeydir, lazım olanda ABŞ dünyanın hər yerində rüşvəti verir də, alır da. Hətta Səddamın generallarını belə pulla almışdılar. Əlbəttə, o hərbi məsələ idi, anlayıram. İqtisadiyyatda elənçik bəd əməllərə yol verilmirdi. Yalnız Barak Obama senator kimi Bakıya gələndə “Memar Əcəmi”nin üstündəki “Mızdonalds”ın plana düşüb sökülməsini önləmək üçün xahiş-minnət edirdi. Bir də səfir Eskuderonun Nardaranda villası-zadı var idi, YAP Ağsaqqallar Şurasına üzv olmuşdu. Dünyanın düz vaxtları imiş. İndi dünya tarmar olur. Ah-vay.

Lakin uca millətimizin belə geopolitik deformasiyalara, marazmatik fay xətlərinin qırılmasından doğan fəlakətlərə təbii immuniteti var. Qədimdən bəri formalaşıbdır. Şirvanşah İbrahim yadınıza gəlirmi? Teymurləngin başdanxarab olduğunu yaxşı anlayırdı, xalqı və dövləti qırğına verməmək üçün belə edir: Teymurun qarşısına 40 dəvə yükü hədiyyələr və 39 qulla çıxır. Teymur soruşur ki, qulun biri hanı, Şirvanşah ona baş əyərək deyir: “Şahım, məmləkətim və rəiyyətim qul olunca, mənim qul olmağım daha əfzəldir”. (Şərafəddin əl-Yəzdin “Zəfərnamə” əsərində bu yazılıb).

Yəni indi yazıq Zelenski Ukraynanın nadir metalları olan “dəvə yükü” ilə Trampın qabağına çıxınca, vaxtilə Putinin dediyi ilə oturub-durmalıymış, çünki indi faktiki onu buna məcbur edirlər. Bəlkə millət qırılmaz, şəhərlər dağılmazdı. İşlə, dövləti möhkəmlət, səbr et, zamanı, fürsəti gözlə. Bəlkə bir gün gördün Putin Hindistan səfərində qızdırma oldu…

Sözü ona gətirirəm ki, hər millətə marşal Peten də lazımdır, general de Qoll da. Düzdür, axırda ölüm cəzası Peten üçün çıxır, lakin millət yolunda ölmək də şərəflidir. (Nöqtənin yerinə smaylik də qoymaq olar). Şair demişkən, Məcnun inlər qanını, Leylaya qatmaq üçün, qəhrəmanlar can verər, yurdu yaşatmaq üçün.

Seçilən
6
medianews.az

1Mənbələr