Heç kimə sirr deyil ki, böyük dövlətlər və ölkələr özlərini daha ədalətli və daha güclü hesab edirlər. Onlar düşünürlər ki, güc varsa, digər ölkələr onun qarşısında diz çökəcək, demokratiya, azadlıq, insan hüquqları ilə bağlı onların zərərli ideyalarını qəbul edəcəklər. Hələ indiyə qədər görməmişik ki, Avropa ölkələri və eləcə də ABŞ hansısa müsəlman dövlətinə zəlzələdən əziyyət çəkən, müharibədə ev-eşiyi dağılan insanlara təmənnasız köməklik göstərsin. Əgər onlar hər hansı köməkliyi edirlərsə mütləq onun arxasında böyük dövlətlərin gizli planları mövcuddur. Ya onlar həmin ölkələrdə «demokratiya» adı altında hakimiyyət dəyişikliyi etmək istəyir, ya da xaos və özbaşınalıq yaratmağa can atır. Artıq dünya maskalanmış belə «demokratik» ölkələrin sifətini yavaş-yavaş tanıyır.
Azərbaycan yeganə ölkədir ki, hər hansı dövlətə maddi yardım göstərəndə, arxa duranda və onlara yardım edəndə bunun heç bir əvəzini gözləmir. Amma bizdən qat-qat böyük, zəngin dövlətlər hər hansı bir ölkəyə bir qurtum su verəndə onun əvəzini tələb edirlər. Dünyada böyük dövlətlər, böyük xalqlar anlayışı yoxdur. Artıq zaman-zaman bu fikirlər öz əhəmiyyətini itirib. İndi dünyada təmənnasız olaraq hər hansı ölkəyə kömək göstərən, onun əvəzini ummayan məmləkətlərə daha çox dəyər verilir.
Azərbaycan tarixən özünün köməkliyini, maddi və mənəvi dayağını bütün qonşu ölkələrə göstərib. Və bayaq da dediyimiz kimi bunun müqabilində heç nə ummayıb. Hətta Azərbaycan onunla düşmənçilik edən Ermənistanda zəlzələ baş verəndə birinci kömək edənlərdən olub. Çox təəssüf ki, yenə düşmən öz iç üzünü göstərdi. Yəni onlara maddi kömək aparan və içərisində zəlzələdən əziyyət çəkənlərə dayaq olmağa gedən insanlar olan təyyarəmizi vurdular. Bax, bu heç bir beynəlxalq hüquq normasına, insanlığa sığmayan bir hərəkətdir. Ancaq o vaxtlar Ermənistanı Sovet hökumətinin nə başçıları, nə də digər respublikalar qınamadılar. Təbii ki, bu cür vəhşilikləri eləyən xalqa qarşı bir etiraz da olmalı idi. Və həmişə olduğu kimi onda da Sovet rəhbərləri və dünya susdu. Çünki onlar öz xristian qardaşlarına haqq-adalətdən uzaq olaraq həmişə arxa durublar. Onların düşüncəsinə görə təki ölən xristian yox, müsəlman olsun. Çünki müsəlmanın bu dünyada yiyəsi olmayıb.
«Fəryad» filmində maraqlı bir epizod var. Orda bizim əsir götürülmüş əsgərimiz hər şeydən bezərək evə od vurur. Ev yavaş-yavaş yanır və bu vaxt görür ki, bir erməni uşağı onun yanında qalıb ağlayır. Uşaqları yadına düşür, axsaya-axsaya ayağa qalxır və çətinliklə də olsa yanğını söndürür. Bu dünyada analoqu və bənzəri olmayan bir insanpərvərlikdir. Hətta ermənilərdən biri deyir ki, bütün Stepanakert əsir düşən azərbaycanlının qeyri-adi insanpərvərliyindən danışır. Amma biz olsaydıq o uşağı da öldürərdik, evi də yandırardıq.
İstər Birinci, istərsə də İkinci Qarabağ savaşında Azərbaycan əsgəri bir erməni qocasına, xəstəsinə, uşağına güllə atmayıb. Bizimkilər də istəsəydi İkinci Qarabağ savaşında, eləcə də antiterror əməliyyatında yüzlərlə yox, minlərlə ermənini əsir götürər, ya da güllələyərdilər. Amma azərbaycanlı əsgərləri erməni qocalarını xəstə olduğu üçün Təcili Yardım maşınına mindirib müalicəyə göndərdilər. Bununla yanaşı, Laçın dəhlizindən keçən minlərlə erməninin təhlükəsizliyini təmin etdilər, onlara ərzaq, su verdilər. Dəhlizi keçərkən bütün ermənilər bizim əsgərlərə təşəkkür edirdilər. Amma elə ki Ermənistana çatdılar, yenə başladılar şər-böhtan deməyə. Guya bizim əsgərlərimiz onları incidib, haqlarını tapdayıblar. Bax, bu da ermənilərin əsl sifətidi.
Azərbaycançılıq ideyasının ən gözəl nümunələrindən biri zəlzələdən, müharibədən və aclıqdan əziyyət çəkən ölkələrə kömək etməsidir. Çox yox, bir neçə gün bundan əvvəl 1 milyon dollar dəyərində avadanlıqlar maşınlarla Ukraynaya göndərildi. Rusiya-Ukrayna müharibəsi başlayandan ilk gündən Azərbaycan Ukraynaya maddi və mənəvi cəhətdən arxa durub, onlara ərzaq, geyim əşyaları və çadırlar göndərib. Bununla yanaşı. Ukraynada müharibədə valideynlərini itirmiş uşaqlar bir ay müddətində Bakıda bərpa mərkəzində olub, onlara psixoloji və mənəvi yardım göstərilib. Ümumiyyətlə, Ukrayna-Rsiya müharibəsi dövründə Azərbaycan Ukraynaya milyonlarla dollar ərzaq, dərman, geyim və istilik sistemləri göndərib. Çünki bizim də çətin günümüzdə Ukrayna xalqa Azərbaycanla həmrəy olub.
Qardaş Türkiyədə zəlzələ baş verəndə Türkiyəyə ilk köməyə Azərbaycan çatıb. Paytaxt Bakıdan Türkiyəyə onlarla yük maşını içi dolu ərzaqla, sənaye məhsulları, çadırlar Türkiyəyə yola salınıb. Bunu qardaş Türkiyə də yaddan çıxarmır. Çünki onlar da bizim ağır günümüzdə xalqımıza dayaq olub.
Ölkəmiz həmişə çətin durumda olan ölkələrə yardım əlini əsirgəməyib. Fələstinə, Suriyaya və digər müsəlman dövlətlərinə çox böyük dəstək verib. Qardaş Pakistan xalqına və eləcə də Əfqanıstana da zamanında böyük köməklik göstərib.
Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, dünyaya böyük dövlətlərdən daha çox kömək göstərib. Bu heç də o demək deyil ki, Azərbaycan göstərdiyi köməklə hansısa ölkədən nəsə umur. Azərbaycanın umduğu bir şey var – dostluq, insanlıq və Allah sevgisi. Bax, bizim ölkə Azərbaycançılıq ideyalarını davam etdirərək bütün dövrlərdə belə bir humanist və insanpərvər addımlar atıb.
Heç şübhəsiz, Azərbaycanın dünya siyasətində və iqtisadi həyatında böyük uğurlar qazanması onu deməyə əsas verir ki, ölkəmiz Cənubi Qafqazda həm strateji, həm də geosiyasi mənada böyük dövlətlərin maraq dairəsindədir. Çünki onlar görür ki, bu gün ölkəmiz həm dünyada sülhü təbliğ edir, həm də insanpərvərliyi və mərhəməti. İnsanpərvər və mərhəmətli ölkəni isə insanlarla yanaşı Allah da çox sevir!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.