ABŞ dövlət katibi Marko Rubionu Münhen Təhlükəsizlik Konfransına qatılmaq üçün Almaniyaya aparan təyyarə texniki nasazlıq səbəbindən Vaşinqtonun kənarındakı Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdıb.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Departamentinin mətbuat katibi Tammi Bryus bildirib.
“Associated Press”in məlumatına görə, Tammi Bryus deyib ki, Rubio başqa təyyarə ilə Almaniyaya və Yaxın Şərqə getmək niyyətindədir.
Agentliyin məlumatına görə, texniki problemlər bazadan havaya qalxdıqdan təxminən saat yarım sonra yaranıb və pilotun kabinəsindəki şüşə ilə bağlı olub. Qeyd edilir ki, şüşədə çat yaranıb.
Rubio 14-18 fevral tarixlərində Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edərək radikal HƏMAS girovlarının azad edilməsi, Qəzza zolağında atəşkəs razılaşmaları və İrana qarşı mübarizə məsələlərini müzakirə edəcək. Münhen Təhlükəsizlik Konfransında dövlət katibinin beynəlxalq tərəfdaşlarla ABŞ-ın bir sıra prioritetlərini müzakirə etməsi və G7 ölkələrinin diplomatik missiyalarının rəhbərlərinin görüşündə iştirakı planlaşdırılır.