Bakı, TurkicWorld
ABŞ prezidenti Donald Tramp qarşılıqlı gömrük rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb. O, bu addımın ədalətli ticarət sisteminin qurulmasına yönəldiyini bildirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Tramp ƏDV sisteminin tarifdən daha “cəzalandırıcı” olduğunu vurğulayaraq, ölkələrin ABŞ-a tətbiq etdiyi tariflərin nəzərdən keçiriləcəyini və qeyri-pul tariflərinə qarşı tənzimləmələr aparılacağını deyib.
O, ABŞ-da istehsal edilən məhsullara heç bir rüsum tətbiq olunmayacağını əlavə edib.
Prezidentin sözlərinə görə, yeni siyasət ABŞ şirkətləri üçün bərabər rəqabət mühiti yaradacaq. Qısamüddətli qiymət artımı gözlənilsə də, uzunmüddətli perspektivdə iqtisadiyyatın güclənəcəyini düşünür.
Tramp, Avropa Birliyinin ABŞ şirkətlərinə sərt münasibət göstərdiyini qeyd edərək, Aİ-yə qarşı eyni nisbətdə tariflərin nəzərdən keçirildiyini bildirib. O, dərman, çip və avtomobil istehsalını ABŞ-a qaytarmaq niyyətindədir.
Qeyd edək ki, Ticarət Nazirliyinin qarşılıqlı tarif araşdırmalarını aprelin 1-dək yekunlaşdırması planlaşdırılır. Ağ Ev isə ABŞ-ın uzun illər davam edən ticarət kəsirinin səbəblərindən birinin qeyri-bərabər tariflər olduğunu açıqlayıb.