Bu ölkənin hər qarışı gözəldir: qurusu da, dənizi də, səması da. Ancaq səmada dalğalanan buludları bir başqa gözəldir, bir başqa xoşdur, bir başqa əzəmətlidir. Bu əzəməti ifadə etmək üçün gərək ya səmanı sevəsən, ya da səma şahini olasan...
Azərbaycan səmasının mavi qoynunda 33 ildir ki, şahinlər ən azad formada uçur. Bu şahinlər təkcə qanad çalan quşlar deyil, ölkənin sərhədlərinin keşikçisi, müstəqilliyimizin qoruyucusudur. Onlar tufanla yarışan, ildırımla danışan, günəşlə yüksələn, buludlardan yüksəkdə durmağı bacaran qəhrəmanlardır.
1992-ci ildə qurulan Azərbaycan Hərbi Hava Qüvvələri azadlığın səmadakı simvolu kimi tarixə yazıldı. O gündən bəri Vətənin göylərində dalğalanan güc, sədaqət və hünər göstərdi. Hər bir uçuş, hər bir manevr bu torpağın toxunulmazlığını bir daha dünyaya elan etdi.
Bu illər ərzində səmamızın keşiyində dayanan igidlər mübarizə apardı, səmanın keşiyini çəkdi, düşmənə göz dağı oldu. Onların qanadları Vətənin torpağına kölgə salmadı, əksinə, o torpağın azadlıq işığını daha da parlaq etdi. Şəhid pilotlarımızın ruhu bu göylərdə yaşayır, onların qisasını alan hər bir döyüşçü, havaya qalxan hər bir təyyarə qələbənin müjdəçisinə çevrildi.
Bu gün Hərbi Hava Qüvvələrimiz regionun ən güclü hava donanmalarından birinə sahibdir. Müasir döyüş təyyarələri, çevik helikopterlər, yüksək texnologiyalı radar sistemləri ilə silahlanmış ordumuz səmanı təkcə qorumaq üçün yox, eyni zamanda düşmənin arzularını külə çevirmək üçün hazırdır.
Vətənin göylərində dalğalanan bu güc sadəcə bir hərbi birləşmə deyil, bu torpağa olan sədaqətin, qorxmazlığın və yenilməzliyin təcəssümüdür. 33 illik şərəfli yol yeni zirvələrə aparan bir yolun başlanğıcıdır. Və bu yol yalnız irəliyə, yalnız qələbəyə aparır!
Mavi səmanın keşiyində duran igidlərimizə eşq olsun!
Əli Hüseynov