AZ

"Mərkəzi Bank nəzdində innovativ "hub"ın yaradılmasını zəruri hesab edirik"

Bakıda "Azərbaycan Maliyyə Forumu 2025" tədbiri keçirilir.

Marja xəbər verir ki, tədbirdə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev çıxış edib. 

O,  Azərbaycan Maliyyə Forumunu "maliyyə sektorunda baş verən dəyişikliklər, əldə edilən nailiyyətlər və yeni dövrdə qarşıda duran çağırışların müzakirə ediləcəyi vacib bir tədbir" adlandırıb.

Qeyd edib ki, bu tədbirin əsas məqsədi Sizi iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin gücləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması, eləcə də, innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi imkanlarının, bu əsasda ötən dövr ərzində Azərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışların müzakirə edildiyi bir platformada birləşdirməkdir.

Zakir Nuriyev bank sektorunda son bir ildə baş verən əsas dəyişikliklər barədə məlumat verib.

Azərbaycan Banklar Assosiasiyasının sədri  qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddini isə 9%-dan 8.25%-ə, faiz dəhlizinin aşağı həddini isə 6,5%-dən 6,25%-ə endirmişdir. Nəticədə uçot dərəcəsi endirilməsi və faiz dəhlizinin daraldırılması prosesi 2024-cü ildə də davam etdirilmişdir. Ötən il təminatsız banklararası bazarın həcmi 101 mlrd. manatı aşmışdır. İstinad faiz dərəcəsi də uçot faizi həddi civarında olmuşdur. 

"Ötən il Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiqləndi. Strategiya sənədi ölkədə bank sektorunun dayanıqlığının möhkəmləndirilməsini, eləcə də sığorta, kapital bazarları və ödəniş sektorlarının inkişafını əsas prioritetlər kimi müəyyənləşdirir. Burada maliyyə inklüzivliyinin genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması, maliyyə alətlərinin diversifikasiyası, sektorun səmərəliliyinin yüksəldilməsi, korporativ idarəetmənin tətbiqi, həmçinin şəffaflıq və dayanıqlığın gücləndirilməsi kimi strateji hədəflər vurğulanır. Bundan əlavə, sənəd hər sektorun potensial bazar imkanlarını, Mərkəzi Bankın keyfiyyət standartlarını və risk əsaslı nəzarət mexanizmlərini müəyyən edir. Həmçinin, rəqəmsal və dayanıqlı maliyyə, peşəkar inkişaf və əhalinin maliyyə savadlılığının artırılması kimi əsas istiqamətlərə də xüsusi diqqət yetirilir.

Çıxışımın davamında sektorun kəmiyyət və keyfiyyət göstəricilərinə toxunmaq istərdim. Bankların aktivlərinin həcmi 2024-cü ilin sonuna 53 mlrd. manat təşkil etmişdir ki,  bu da 2023-cü illə müqayisədə 7.8% çoxdur. Kredit portfelindəki artım isə bu tempi 2.4 dəfə ötərək 18.5% təşkil etmiş və ümumilikdə portfelin həcmi 27.5 mlrd. manat səviyyəsinə yüksəlmişdir. O cümlədən, biznes kreditləri 17.2%-lik artımla 14.8 mlrd. manat həcminə çatmışdır. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki artımı da üstələyərək 18.7% olmuşdur.

Depozit portfeli isə təqribən 9.1%-lik artım ilə 37.7 mlrd. manat səviyyəsinə çatmışdır. Buna müqabil, fiziki şəxslərin depozitlərinin həcmi 13.6% artaraq, 14.3 mlrd. manat səviyyəsinə çatmışdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 33.6% təşkil etməkdədir.

Vurğulamaq istədiyim digər bir keyfiyyət göstəricisi isə ödəniş vaxtı keçən borclarla bağlıdır. Belə ki, cari ilin oktyabr ayının sonuna vaxtı keçmiş kreditlərin cəmi portfeldəki payı isə cəmi 1.5% təşkil etməkdədir.

Hesabat ilində bank sektorunun məcmu kapitalı 10.8% (0.6 mlrd. manat) artaraq  6.2 mlrd. manata çatmışdır. Bank sektorunun kapital adekvatlığı 17.6% olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12%, digər banklar üçün 10%) 1.7 dəfə üstələmişdir.

Sektorun ötən il ərzində əldə etdiyi faiz gəliri 4 mlrd. manat, mənfəətin həcmi isə 1 mlrd. 44.3 mln. manat təşkil etməkdədir.

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.6% və ya 3 mln. ədəd artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 19.9%, kredit kartları üzrə 1.8% təşkil etmişdir. Bununla yanaşı, 2024-cü il ərzində ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatların həcmi 78.9 mlrd. manata yüksəlmişdir ki, bu da 2023-cü il ilə müqayisədə 61% çoxdur. Ötən il ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 64.2%-i nağdsız formada həyata keçirilmişdir.

Kəmiyyət və keyfiyyət göstəriciləri ilə yananşı, ötən il ərzində tənzimləyici çərçivədə də ciddi dəyişikliklər müşahidə edilmişdir. Hesabat ilində bank sektorunda tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması üzrə requlyativ tələblər gücləndirilmiş,  əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının artırılması məqsədilə ölkədə agent bankçılıq modelinin tətbiqi, habelə istehlak krediti götürən fiziki şəxslərin həyat sığortası risklərinin azaldılması üçün tənzimləmə tələbləri müəyyən edilmişdir.

Banklarda korporativ idarəetmə funksiyasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq “Banklarda korporativ idarəetmə Standartları”na bankların Müşahidə Şurasının müstəqil üzvlərinə dair əlavə meyarları, habelə bankın komitələrinin tərkibinin formalaşdırılması ilə bağlı yeni tələbləri əhatə edən növbəti dəyişikliklər paketi, habelə bu sahədə gələcək islahatları əhatə edən Korporativ İdarəetmə Standartları üzrə Metodoloji Tövsiyələr qəbul edilmişdir.

Banklarda kreditləşmə prosesində davranış modellərindən istifadə üzrə tənzimləmə çərçivəsi yaradılmışdır. Kreditləşmə prosesində davranış modellərindən istifadə fiziki şəxslərin və sahibkarların bank kreditlərinə əlçatanlığının asanlaşdırılmasına, bankların əməliyyat xərclərinə qənaət etməsinə, biznes proseslərinin optimallaşdırılmasına, daha dəqiq və yeni məlumatlardan istifadə kimi bir sıra üstünlüklərə imkan yaradacaqdır.

Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin stimullaşdırılması və bu seqmentin tənzimlənməsinin gücləndirilməsi məqsədilə bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi üzrə requlyativ çərçivə formalaşdırılmış, habelə bu növ kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi qaydaları, o cümlədən kapital və ehtiyatlanma tələblərinə, yeni prudensial normativlərin tətbiqinə başlanılmışdır.

Hesabat ilinin sonuna bank sektorunun likvid aktivləri 14.2 mlrd. manat olmaqla cəmi aktivlərin 26.9%-ni təşkil etmişdir. Ani likvidlik əmsalı 51.9% (min. normativ 30%) olmaqla minimum  tələbi 1.7 dəfə üstələmişdir . Bank sektoru üzrə məcmu likvidliyin örtülmə əmsalı 150.1%, xarici valyutada üzrə isə 178% olmaqla, requlyativ tələbi əhəmiyyətli dərəcədə üstələmişdir (sistem əhəmiyyətli banklar üçün minimum tələb 90%, digər banklar üçün 80%).

Ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi əsasında rəqəmsal ödəniş ekosisteminin daha da inkişaf etdirilməsi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının və ekosistem iştirakçılarının birgə fəaliyyəti 2024-cü ildə uğurla davam etmişdir.

Ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və ödəniş alətlərinə dair tələbləri müəyyən edən “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”lar sektorun rəy və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məsafədən aparılan ödəniş əməliyyatlarında təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, həmçinin bu sahədə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizənin daha effektiv formada aparılması məqsədilə gücləndirilmiş müştəri autentifikasiyasının (bundan sonra - GMA) tətbiqinə dair qaydalar qəbul edilmişdir.

Maliyyə inkluzivliyinin innovativ həllərin və qabaqcıl təcrübənin tətbiqi ilə daha da inkişaf etdirilməsi, ucqar regionlarda maliyyə xidmətlərinə çıxış imkanlarının təmin edilməsi məqsədilə ödəniş xidməti təchizatçılarının ödəniş agentləri ilə əmədaşlığına dair qanunvericilik tələbləri müəyyən edilmişdir.

2024-cü ilin nəticələrinə diqqət etsək, dövriyyədə olan ödəniş kartlarının ümumi sayı təxminən 20 mln. ədəd təşkil edir. Bu ödəniş kartları ilə aparılan nağdsız ödəniş dövriyyəsinin ümumi həcmdə payı 64.2%-ə bərabər olmuşdur. Elektron ticarət dövriyyəsi 2023-cü ilə münasibətdə 1.7 dəfə böyüyərək 66.5 mlrd. manat təşkil etmişdir.

Ümumən ekosistemdə rəqəmsal ödənişlər sahəsində yeni nailiyyətlərin əldə edilməsi və bençmark olaraq qəbul edilmiş ölkələrlə rəqabət aparılması üçün cari ildə Ani Ödənişlər Sistemindən daha aktiv nüvə komponenti olaraq istifadə edilməsi, innovativ həllərin tətbiqi üzrə düzgün planlaşdırmanın aparılması və real məhsulların tətbiqinin təşviqi məqsədilə Mərkəzi Bank nəzdində innovativ hub-ın yaradılması, bank hesablarının məsafədən açılması prosedurunun təkmilləşdirilməsi, habelə rəqəmsal bankçılıq sahəsində qanunvericilik bazasının formalaşdırılması üzrə işlərin görülməsini zəruri hesab edirik.

Yaşıl və dayanıqlı maliyyələşmədə ən vacib rolu oynayacaq sənədlərdən biri olacaq və banklar, dövlət qurumları, sahibkarlar və digər maraqlı tərəflər üçün şərtləri daha da konkretləşdirəcək “Taksonomiya” isə artıq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ictimaiyyətlə bölüşülmüşdür.

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” da bu istiqamətdə aktiv fəaliyyət göstərmişdir. Ekspert Qrupu tərəfindən hazırlanan ən vacib sənədlərdən biri də Ətraf mühit, sosial və idarəetmə (ESG) Strategiyası oldu. Strategiya 2024-2030-cu illəri əhatə etməklə, üç əsas məqsəd - Dayanıqlı maliyyə imkanlarının, ESG məlumatlılığının artırılması, ESG imkanlarının təkmilləşdirilməsi üzrə 10 təşəbbüsün icrasını nəzərdə tutur.

Arxada qoyduğumuz ilin aprel ayında Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycan bankçılıq missiyasının ABŞ-yə ilk işgüzar səfəri baş tutmuşdur. Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan bu səfərdə ölkənin aparıcı maliyyə institutlarının rəhbərləri iştirak etmişdir. Səfər çərçivəsində bankçılıq missiyasının Vaşinqton və Nyu-York şəhərlərində ABŞ-nin aidiyyəti dövlət və hökumət qurumları, eləcə də maliyyə sektorunun nümayəndələri ilə görüşləri keçirilmişdir. Həmçinin ölkələr arasında bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə təqdimatların və dəyirmi masa formatlı görüşlər təşkil olunmuşdur.

Xarici təcrübə mübadiləsi proqramlarından danışdığımız zaman ABA və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə müxtəlif səfərlərdən də qısa bəhs edək. Belə ki, ötən il ərzində bank sektorunun nümayəndələri və ekspert qrupları üçün fərqli mövzularda Türkiyə, Malayziya,  Rusiya, Qazaxıstan,  Gürcüstan,  Avstriya,  Macarıstan, İtaliya və Polşa ölkələrinə xarici təcrübə mübadiləsi proqramları çərçivəsində banklarla görüşlər təşkil edilmiş,  həmçinin təlimlər təşkil edilmişdir.

Qeyd etdiklərim bank sektoru üçün ötən ilin qısa xülasəsi idi. Tədbirin davamında maliyyə sektorunun 2024-cü ildə əldə etdiyi nailiyyətlər haqqında daha ətraflı məlumatlar veriləcəyinə və yeni dövrün əsas çağırışları ilə bağlı geniş və faydalı müzakirələrin aparılacağına inanır, Forumun ümumi işində uğurlar arzu edirəm!"

Seçilən
11
marja.az

1Mənbələr