AZ

ASA-nın MŞ-nın sədri: "Sığorta maliyyə təhlükəsizliyində ayrılmaz hissədir"

Sığorta yalnız öhdəlik deyil, həm də maliyyə təhlükəsizliyinin ayrılmaz hissəsidir.

"Report” xəbər verir ki, bunu “Azərbaycan Sığortaçılar Assosiasiyası”nın (ASA) Müşahidə Şurasının (MŞ) sədri Ülviyyə Cabbarova Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

O, qeyd edib ki, insanların və bizneslərin bu sahəyə daha çox maraq göstərməsi üçün yeni həllər və innovativ yanaşmalar üzərində işləmək lazımdır: “Maliyyə sistemi hər bir ölkənin iqtisadi dayanıqlığında mühüm rol oynayır və onun ayrılmaz hissələrindən biri də sığorta sektorudur. Sığorta təkcə fərdlərin və bizneslərin risklərini idarə etmək üçün bir vasitə deyil, həm də ümumi iqtisadi sabitliyi qorumağa xidmət edir”.

Sədrin sözlərinə görə, son illər Azərbaycanın sığorta bazarı dinamik inkişaf edir: “Bu, sevindiricidir, amma qarşıda duran yeni imkanlar və çağırışlar da diqqətdə saxlanılmalıdır. Bu baxımdan Azərbaycan Mərkəzi Bankının ötən il təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sığorta sektoru üçün olduqca əhəmiyyətlidir. Biz sektor olaraq maliyyə bazarının digər iştirakçıları - banklar, investisiya qurumları və texnologiya şirkətləri ilə daha sıx əməkdaşlıq etdikcə, sektorun potensialı daha da genişlənəcək".

Sığorta sektorunun rəqəmsallaşmasının əhəmiyyətini vurğulayan Ü.Cabbarova bu prosesin yeni imkanlar açdığını vurğulayıb: "Onlayn sığorta xidmətlərinin geniş yayılması, elektron müqavilələrin tətbiqi və avtomatlaşdırılmış həllərin inkişafı müştərilər üçün prosesi daha rahat və əlçatan edib. Ümumilikdə bütün gördüyümüz işlər elə məhz müştəri məmnuniyyətini artırılmasına və vətəndaşlara əlverişli imkanlar yaratmağa xidmət edir. Bunlar arasında təkmilləşdirilmiş mobil tətbiqlərin və yenilənmiş vebsaytların təqdim olunmasını, süni intellektin istifadəsi ilə xidmətlərin əlçatanlığının artırılmasını qeyd etmək olar".

Seçilən
33
1
report.az

2Mənbələr