Bu gün dünyanın ən nüfuzlu təhlükəsizlik tədbirlərindən olan 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayır.
Senzor.az bildirir ki, fevralın 16-dək davam edəcək konfransda beynəlxalq təhlükəsizlik və xarici siyasətlə bağlı ən vacib çağırışlar müzakirə olunacaq.
Builki konfrans beynəlxalq siyasətdə mühüm dəyişikliklərin baş verdiyi bir dövrə təsadüf edir. Yanvarda ABŞ-da yeni administrasiya fəaliyyətə başlayıb, Avropa İttifaqında yeni qanunvericilik dövrü başlayır, Almaniyada isə konfransdan cəmi bir həftə sonra növbədənkənar federal seçkilər keçiriləcək.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi açılış nitqi ilə başlayacaq konfransda dünyanın müxtəlif bölgələrindən yüzlərlə siyasətçi, diplomat və ekspert Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgendin rəhbərliyi altında qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Açılış günü konfransın əsas proqramı start götürəcək və qlobal idarəetmə, demokratik institutların dayanıqlılığı, iqlim təhlükəsizliyi və digər qlobal çağırışlar ön planda olacaq. Fevralın 15-də beynəlxalq vəziyyət, regional münaqişələr və böhranlar diqqət mərkəzində olacaq. Eyni zamanda, transatlantik münasibətlərin gələcəyi ilə bağlı mühüm müzakirələr keçiriləcək. Konfransın sonuncu günündə - fevralın 16-da isə Avropanın qlobal siyasətdəki rolu ilə bağlı debatlar təşkil olunacaq.
Hər il olduğu kimi, 61-ci Münxen Təhlükəsizlik Konfansı da beynəlxalq siyasət sahəsində fikir mübadiləsi üçün geniş imkanlar yaradacaq. Konfransın proqramı üç mühüm hissədən - əsas proqramdan, 200-dən çox rəsmi paralel tədbirdən və ictimaiyyət üçün nəzərdə tutulmuş müzakirələrdən ibarət olacaq. Bundan əlavə, konfransdan bir gün əvvəl Almaniyanın maliyyə naziri Yorq Kukies terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 4-cü “No Money for Terror” beynəlxalq nazirlər konfransına ev sahibliyi edəcək.
Konfransın sonuncu günündə, həmçinin NATO-nun sabiq Baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransının sədrliyini Kristof Hoysgenddən təhvil alacaq.