AZ

Valideynlər övladlarının telefonunu yoxlamalıdırlar - Ekspert

“Azərbaycanda valideynlər əksər hallarda övladlarının telefon istifadəsinə nəzarət etmirlər. Təəssüf ki, bu, bəzən xoşagəlməz halların yaşanmasına səbəb olur”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Adil Vəliyev bildirib.

 

Ekspertin fikrincə, uşaqları virtual dünyadan uzaqlaşdırmaq üçün onların sosial həyatına daha çox diqqət yetirilməlidir:

 

“Uşaqlar internet oyunları oynayarkən və ya müxtəlif platformalarda ünsiyyət qurarkən qarşılarındakı şəxsi tanımırlar. Bu isə həm onlayn, həm də real həyatda təhlükəli situasiyalara səbəb ola bilər.”

 

A.Vəliyevin sözlərinə görə, valideynlər övladlarına ağıllı telefon istifadəsinə icazə verirlərsə, bu prosesi xüsusi izləmə proqramları vasitəsilə nəzarətdə saxlamalıdırlar:

 

"Çünki 18 yaşına qədər uşaqlar baş verə biləcək təhlükələri tam dərk etmirlər. Bir neçə il əvvəl “Mavi balina” adlı oyun bir çox ölkədə yeniyetmələrin ölümünə səbəb olmuşdu. Hazırda da fərqli adlar altında bu cür təhlükəli oyunlar mövcuddur. Buna görə də valideynlər övladlarının həm real, həm də virtual aləmdə davranışlarına xüsusi diqqət yetirməlidirlər".

 

Həmsöhbətimiz uşaqları virtual dünyadan uzaqlaşdırmaq üçün onların sosial həyatına daha çox diqqət ayırmağın vacibliyini vurğulayıb:

 

“Valideynlər idman, rəsm, musiqi və ya digər sosial fəaliyyətlər vasitəsilə övladlarının boş vaxtlarını daha maraqlı və faydalı keçirmələrinə dəstək olmalıdırlar. Bu yolla biz uşaqları sağlam və məqsədyönlü fəaliyyətlərə yönəldə bilərik. Əks halda, xoşagəlməz halların tez-tez baş verməsi qaçılmaz olacaq".

Seçilən
19
1
azedu.az

2Mənbələr