Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə görüşü ikitərəfli əlaqələrin inkişafı üçün mühüm mərhələ oldu. Görüş zamanı imzalanmış sənədlər hər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etməkdə qarşılıqlı iradəsini aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev vurğuladı ki, Bakıdakı görüşdə əldə edilən razılaşmalar mütləq həyata keçiriləcək və Azərbaycan-Somali münasibətlərini daha yüksək səviyyəyə qaldıracaq. Hər iki ölkənin geosiyasi vəziyyəti, üzləşdiyi çağırışlar və ərazi bütövlüyünə qarşılıqlı dəstək məsələləri müzakirə edildi. Bundan əlavə, terrorçuluq və ekstremizmə qarşı birgə mübarizənin vacibliyi bir daha təsdiqləndi.
Ölkə başçısı bir daha hər bir ölkə üçün siyasi sabitliyin inkişafı təmin edən ilkin şərt olduğunu qeyd edərək, Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuda 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə məlumat verdiyini bildirdi. Əlbəttə ki, bu öz müstəqilliyini, ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etmək istəyən hər bir ölkə üçün, dövlət üçün bariz nümunədir.
Təhsil sahəsində əməkdaşlıq
Azərbaycan və Somali arasında təhsil sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev ölkəmizin təhsil sahəsindəki təcrübəsini bölüşərək, gələcəkdə bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi. Azərbaycan hazırda bir neçə somalili tələbəyə Heydər Əliyev adına təqaüdlə təhsil almaq imkanı yaradır və yeni imzalanmış sənəd bu sayın artırılmasına şərait yaradacaq. İlkin mərhələdə on tələbənin Azərbaycanda təhsil alması nəzərdə tutulur və gələcəkdə bu sayın daha da artırılması mümkündür. Azərbaycanın universitetlərində müasir təhsil proqramlarına çıxış əldə edən somalili tələbələr ölkələrinin iqtisadi inkişafına töhfə verə biləcəklər.
Azərbaycan-Somali iqtisadi əlaqələri
Görüş zamanı Azərbaycan və Somali arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycanın Somalidə sərmayə imkanlarını araşdırdığını qeyd etdi. Prezident Mahmudun rəsmi səfərindən öncə Azərbaycanın nümayəndə heyəti Somaliyə səfər edərək iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı üçün ilkin addımları atmışdır. Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı, liman infrastrukturu və digər sahələrdə konkret investisiya layihələrinin reallaşdırılması planlaşdırılır. Azərbaycanın kənd təsərrüfatı sahəsində özünü təmin edən sistem yaratmaq üzrə təcrübəsi Somali üçün də faydalı ola bilər.
Müdafiə sahəsində əməkdaşlıq
Azərbaycan və Somali arasında müdafiə sahəsində əməkdaşlıq da vacib istiqamətlərdən biridir. Azərbaycan hazırda öz müdafiə avadanlıqlarını istehsal edir və bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirdiyi yüksək hərbi peşəkarlıq Somalinin də maraq dairəsindədir. Gələcəkdə iki ölkə arasında müdafiə avadanlıqlarının birgə istehsalı və hərbi təlimlərin keçirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsi gözlənilir.
Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək
Azərbaycan və Somali beynəlxalq təşkilatlarda da bir-birinə dəstək göstərməkdə davam edəcək. Prezident İlham Əliyev iki ölkənin BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birini dəstəkləməsinin vacibliyini vurğuladı. Bu əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir, çünki beynəlxalq arenada güclü tərəfdaşlara malik olmaq siyasi və iqtisadi maraqların qorunmasında mühüm rol oynayır.
Bakı Görüşü həm də imzalanmış sənədlər baxımından da əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu; Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş; Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Sazişin imzalanması iki ölkə arasında iqtisadi, siyasi, müdafiə və sosial sahələrdə əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəkdir. Azərbaycan və Somali arasında strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənəcək və qarşılıqlı faydalı əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaqdır.
Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor