Bakıda "Azərbaycan Maliyyə Forumu 2025" tədbiri keçirilir.
Marja xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev çıxış edib.
O qeyd edib ki, Azərbaycan Maliyyə Forumunun keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilmişdir. Bu platformada hər il maliyyə sektorunun iştirakçıları mühüm mövzuları müzakirə etmək üçün bir araya gəlirlər: "Əminəm ki, bu tədbir çərçivəsində maliyyə sektorunun seqmentlərini, o cümlədən bankçılıq, mikro-maliyyə, sığorta fəaliyyəti, kapital bazarları, maliyyə texnologiyalarının inkişafı kimi aktual mövzulara həsr olunmuş diskussiyalar bütün iştirakçılar üçün faydalı olacaqdır".
Toğrul Əliyev bildirib ki, ötən ilin əvvəlində Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı təsdiq etmiş və artıq onun implementasiyasının ilk ilini yekunlaşdırmışdır. Geniş ictimaiyyət, ölkəmizin maliyyə sektoru, xarici tərəfdaşlar sözügedən strategiyanın uğurlu tətbiqinin şahididir. Strategiya çərçivəsində əldə edilmiş nailiyyətlər ölkə iqtisadiyyatı və maliyyə sektoru üzrə beynəlxalq təşkilatlar tərəfindən aparılmış qiymətləndirmələrin pozitiv nəticələrində öz əksini tapmışdır. Əminik ki, qarşıdakı strateji dövrdə də bu səmərəli fəaliyyət və reytinqlərlə bağlı uğurlu tendensiya davam edəcəkdir:
"İndi isə qısa olaraq maliyyə sektorunun inkişafı üzrə strateji təşəbbüslər barədə danışmaq istərdim. Bu təşəbbüslər əsasən dörd mühüm prioriteti əhatə edir.
Bunlardan birincisi maliyyə sektorunun, institutlarının, bazarlarının və infrastrukturunun sabitliyinin təmin edilməsi üzrə təşəbbüslərdir. Bu istiqamətdə, 2024-cü il ərzində Mərkəzi Bank tərəfindən prudensial tənzimləmə çərçivəsinin modernizasiyası davam etdirilmiş, banklarda korporativ idarəetmə standartlarına yenidən baxılmış, bununla bağlı gələcək vizyonu əks etdirən tövsiyələr qəbul edilmiş, sığorta və investisiya şirkətləri üçün korporativ idarəetmə standartları tətbiq edilmişdir. Risklərin idarə edilməsi və effektiv nəzarət məsələlərinə hər zaman olduğu kimi xüsusi önəm verilmiş, Mərkəzi Bank tərəfindən “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”, eləcə də “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” təsdiq edilmişdir. Bu istiqamətdə banklarda ekoloji risklərin idarə edilməsi, əməliyyat risk menecmenti və s. sahələr üzrə tənzimləmələrin tətbiqinə start verilmişdir. Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə dair yeni qaydalar qəbul olunmuşdur. Sığorta sahəsi üzrə risklərin xaricə ötürülməsi habelə, katastrofik risklərin təkrarsığortalanması ilə bağlı tələblər müəyyən edilmiş, sığortaçıların dayanıqlı təkrarsığorta siyasəti formalaşdırılmışdır.
İkinci qrup təşəbbüslərə maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə tədbirləri aiddir. Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişlənləşdirilməsi və yeni çeşid maliyyə alətlərindən istifadənin təmin edilməsi məqsədilə banklarda davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilmiş, kredit müqavilələri üzrə borcalanın həyat sığortası ilə bağlı yeni tənzimləmələr gətirilmiş, agent bankçılıq üçün hüquqi-normativ baza formalaşdırılmış, Yaşıl Taksonomiya təsdiqlənmiş, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri, yaşıl maliyyə və bir sıra digər sahələr üzrə məlumatlılığın artırılması məqsədilə çoxsaylı tədbirlər keçirilmişdir.
Üçünçü qrup üzrə rəqəmsallaşma və yeni maliyyə texnologiyalarının tətbiqinə istiqamətlənmiş tədbirlərdən danışmaq istərdim. Sözsüz ki, 2023-cü ildə “Ödəniş xidmətləri və sistemləri haqqında” Qanunun qəbul edilməsi ilə ödəniş və maliyyə texnologiyaları sahəsi yeni mərhələyə qədəm qoymuşdur. Ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operator lisenziyalaşdırılmışdır. Həmçinin qeyd edilməlidir ki, Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilmiş, “Açıq bankçılıq” üzrə tələblər təsdiq olunmuşdur. Maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlamışdır. Bu məqsədlə, xüsusi tənzimləmə rejiminin ayrıca internet resursu yaradılmış, artıq 21 müraciət qeydə alınmış və onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək Xüsusi Tənzimləmə Rejiminə qəbul edilmişdir. Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir.
Son qrup olaraq, maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsi və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi çərçivəsində həyata keçirilmiş tədbirlərdən bəhs etmək istərdim. İstehlakçıların hüquqlarının müdafiəsi, maliyyə məhsullarının və xidmətlərinin keyfiyyətinin artırılması, habelə istehlakçıların şikayətlərinin effektiv həllinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən geniş maarifləndirmə proqramları həyata keçirilmiş, “Maliyyə institutlarının bazar davranışlarına dair tələblər” layihəsi hazırlanmışdır. Ümumilikdə bazar davranışlarının tənzimlənməsi məsələləri cari ildə xüsusi prioritet təşkil edəcəkdir.
Göründüyü kimi bu təşəbbüsləri həyata keçirməklə Mərkəzi Bank ümumilikdə maliyyə sektorunda innovativ ekosistemin inkişafını, təklif tərəfdə davamlı və stabil maliyyə xidmətlərinin yaranmasını, tələb tərəfdə isə məsuliyyətli və dayanıqlı borclanmanı təşviq edir. Uzunmüddətli dövr üzrə strateji məqsədimiz dinamik inkişaf edən milli iqtisadiyyatımızda stabil maliyyə sektorunun rolunu yüksəltməkdir.
Sözsüz ki, bəhs etdiyimiz işlər və əldə edilmiş nailiyyətlər Azərbaycanın maliyyə sektorunu təmsil edən assosiasiyaların – Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Mikro-Maliyyə Assosiasiyasının, Sığortaçılar Assosiasiyasının, Fond Bazarı İştirakçıları Assosiasiyasının, Fintex Assosiasiyasının yaxından iştirakı və dəstəyi sayəsində mümkün olmuşdur. Ümid edirəm bu assosiasiyalar növbəti strateji dövrdə də Strategiya üzrə qarşıya qoyulmuş hədəflərin reallaşmasında aktiv iştirak edəcəklər.
Yekununda, bir daha vurğulamaq istərdim ki, maliyyə bazarlarının gələcəyini formalaşdırmaq və yeni çağırışlara adekvat cavab vermək üçün biz birlikdə düşünməli, bilik və təcrübələrimizi paylaşmalı, tənzimləmə və inkişaf sahəsində qabaqçıl beynəlxalq təcrübələri öyrənərək onları yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırmalıyıq. İnanıram ki, bu tədbir çərçivəsində aparılacaq fikir mübadiləsi və təcrübə paylaşımı, qarşıda duran strateji hədəflərin daha effektiv tətbiqinə şərait yaradacaq"