AZ

Azərbaycan Televiziyasının - 69

Bu gün Azərbaycanda televiziyanın yaranmasından 69 il ötür. Azərbaycanın media tarixində mühüm bir yer tutan televiziya, 1956-cı ilin fevralında fəaliyyətə başlayıb. Bu müddət ərzində çoxsaylı texnoloji və inkişaf mərhələləri keçmiş Azərbaycan televiziya kanalları, AzTV və Mədəniyyət TV kimi önəmli kanalların yaranmasına səbəb olub.

Kulis.az televiziyanın yaranmasının tarixi ilə bağlı yazını təqdim edir.

Azərbaycan televiziya tarixi 1956-cı ilin fevralında, Bakı studiyası vasitəsilə başladıb. İlk verilişdə Nəcibə Məlikova "Göstərir Bakı!" kəlməsi ilə çıxış edib və "Bəxtiyar" filmi nümayiş olunub. O zaman "Bakı studiyası" həftədə iki dəfə 2 saatlıq proqramlarla efirə çıxıb. Bu, televiziya dünyasına ilk addımları atmaq üçün böyük bir mərhələ olub.

1957-ci ildə Bakı teleqülləsi istifadəyə verildikdən sonra televiziya yayımının əhatə dairəsi genişlənib. O zamanlar yalnız paytaxtda və onun ətrafında yayım mümkün olub. 1979-cu ildə yeni 310 metrlik teleqüllə inşasına başlanıb və bu, televiziya proqramlarının yayımını daha geniş əraziyə yaymağa imkan yaradıb.

Televiziyanın başlanğıcında həftədə iki dəfə yayımlanan verilişlər 70-ci illərdən etibarən gündəlik yayıma keçib. 1980-ci illərdə yayım saatları 18 saata qədər çatdırılıb və 2005-ci ildən etibarən AzTV 24 saatlıq fasiləsiz yayım modelinə keçib.

1971-ci ildən etibarən Azərbaycan televiziyası rəngli yayım sisteminə keçib. Bu, Azərbaycan televiziya kanallarının dünya standartlarına uyğunlaşmasına və beynəlxalq arenada tanınmasına gətirib çıxarıb.

2004-cü ildən AzTV Avropada yüksək keyfiyyətli yayım təmin etməyə başlayıb. Hot Bird və SESAT peykləri vasitəsilə Azərbaycan televiziya kanallarının verilişləri Şimali Amerika, Asiya və Avropa ölkələrində izlənilir.

Bu gün həm də Mədəniyyət TV kanalının yaranma günüdür. 2011-ci ildə fəaliyyətə başlayan kanal, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünya səhnəsinə təqdim edilməsində mühüm rol oynayır.

Azərbaycanda rəqəmsal televiziya yayımına 2004-cü ildən etibarən başlanılıb və bu proses günümüzdə də davam edir. AzTV yüksək keyfiyyətli HD formatında yayımlanır və dünya miqyasında daha çox izləyici kütləsinə çatır.

69 il ərzində Azərbaycan televiziya kanalları böyük inkişaf yolundan keçərək texnoloji baxımdan müasir standartlara uyğunlaşmış, yeni televiziya qüllələri, rəqəmsal yayım və peyk yayımı ilə geniş bir izləyici auditoriyasına sahib olub. AzTV-nin rəqəmsal TV yayımı, Mədəniyyət TV-nin Azərbaycan mədəniyyətinin tanıdılması kimi uğurları bu inkişafın təcəssümüdür.

Seçilən
20
2
kulis.az

3Mənbələr