AZ

"Vergi yığımlarının dayanıqlı artımı ilk növbədə vergi bazasının genişləndirilməsindən asılıdır" - Elşad Məmmədov

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov, QHT.az-a verdiyi açıqlamada, vergi yığımlarının büdcə daxilolmalarında önəmli rol oynadığını qeyd edib.

O, beynəlxalq təcrübəyə əsaslanaraq, vergi yığımlarının artırılması məsələsinə toxunub. Professorun sözlərinə görə, vergi yığımlarının artımına sərtləşmə ilə nail olmaq bəzən gözlənilməz nəticələrə gətirib çıxara bilər. Bunun səbəbi, sərt vergi siyasətinin işgüzar fəallığa mənfi təsir göstərə bilməsidir:

"Beynəlxalq təcrübəyə görə, vergi yığımları büdcə daxilolmaları nöqteyi-nəzərdən önəmli amil kimi çıxış edir və büdcə daxilolmalarının böyük hissəsi məhz vergi xətti üzrə vergi yığımlarına aid olunur. Amma burada, əgər söhbət vergi yığımlarının nə qədər artırılması mümkündür və bunun üçün nələr edilməlidir? Mənə elə gəlir ki, sırf sərtləşmə vasitəsilə vergi yığımlarının artımına nail olmaq məqsədi bir çox hallarda daha dərin problemlərə səbəb olur. Belə ki, vergi yığımlarının həcminin artırılması və həmin istiqamətdə dayanıqlılığın təmin edilməsi üçün ilk növbədə vergi bazasını genişləndirmək lazımdır. Sırf sərtləşmə naminə vergi siyasətinin həyata keçirilməsi və ümidlərin bağlanması ki, buna görə də dövlətin büdcə imkanları genişlənəcək, bir çox hallarda əks effekt verir. Çünki bu, işgüzar fəallığa təsir göstərir. Ona görə də işgüzar fəallıq stimullaşdırılmalı, ölkə iqtisadiyyatının texnoloji tutumu genişləndirilməlidir ki, vergi bazası daha böyük olsun və vergiləri də daha çox yığmaq mümkün olsun. O ki qaldı sosial xərclərin reallaşdırılmasında vergi yığımlarının rolu, birmənalı olaraq büdcənin sosial yükünün reallaşdırılması üçün büdcə daxilolmalarının xeyli həcmdə olmasına ehtiyac var. Çünki əks halda bu, büdcə defisinə gətirib çıxarır. Büdcə defisitinin də həddi olur. Yəni onun genişləndirilməsi ilə bağlı məhdudiyyətlər olur. Ona görə də vergi yığımlarının, büdcə daxilolmalarının lazım olan səviyyədə olması vacibdir".

Son olaraq, Elşad Məmmədov vergi yığımlarının dayanıqlı artımının əsas amilinin vergi bazasının genişləndirilməsi olduğunu, bunun isə işgüzar fəallığın artırılması və innovativ sahələrin inkişafı ilə mümkün olacağını söyləyib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
19
qht.az

1Mənbələr