AZ

Şahbaz Şərif: Pakistan - türklərin ikinci Vətənidir

Pakistanın baş naziri Şahbaz Şərif paytaxt İslamabadda keçirilən Türkiyə-Pakistan Biznes Forumunda çıxış edərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinə səfərindən danışıb. Məlumatı XQ “Anadolu”ya istinadən verib. 

Şərif deyib: “Burada təkcə Türkiyənin deyil, İslam dünyasının lideri olan böyük bir lider (Ərdoğan) var. Onun liderliyi və keyfiyyətləri bizi çox sevindirir”.

Ərdoğanın səfəri çərçivəsində geniş tədbirlər təşkil edildiyini qeyd edən Şərif əlavə edib: “Pakistan və Türkiyə qardaşdır, dostdur və qardaşlığımızın tarixi yenidənqurmadan əvvəlki dövrə (Britaniya Hindistanının Pakistan və Hindistana bölünməsi) gedib çıxır”.

O qeyd edib ki, Pakistan xalqı Qurtuluş Savaşı zamanı Türkiyəyə kömək etmək üçün bütün imkanları səfərbər edib və Türkiyə də öz növbəsində, hər cür şəraitdə Pakistana kömək edib. 

Onun sözlərinə görə, Türkiyə özünü tamamilə dəyişib, dinamik inkişaf edən iqtisadiyyata və Avropa standartları səviyyəsində texnologiyaya malikdir.

"Prezident Tayyib Ərdoğanın səsi ümmətin səsidir" deyən Şahbaz Pakistanın Qəzzada Fələstin xalqının maraqlarını və Kəşmirin azadlığını müdafiə etdiyini vurğulayıb.

Baş nazir qeyd edib ki, ölkələr arasında dostluq və qardaşlıq tarixində sərmayə və ticarətə dəstək həmişə çox yüksək səviyyədə olub”.

Prezident Ərdoğanla birlikdə Pakistana səfər edən Türkiyə nümayəndə heyətinin tərkibində olan investorlar və iş adamları haqqında danışan Şahbaz sözlərini belə davam etdirdi:

“Bu dövrdə investisiya və ticarətin səviyyəsi çox yüksək həddə çatıb. Biz ikitərəfli ticarətdə 5 milyard dollarlıq hədəfə nail olmaq öhdəliyi götürmüşük. Bu baxımdan mən B2B və G2G sazişləri çərçivəsində bütün səyləri dəstəkləməyə tam hazıram”.

Baş nazir əmin edib ki, İslamabad türk investorlarına və iş adamlarına investisiya, idxal və ixracda dəstək verəcək.

Şərif keçmişdə bəzi iş adamlarının üzləşdiyi problemlərdən təəssüfləndiyini bildirərək, Pakistana gələn türk iş adamlarının pullarını cəsarətlə yatırdıqlarını və bundan hər iki tərəfin faydalandıqlarını bildirib. Şərif Pakistanın türklər üçün “ikinci vətən” olduğunu vurğulayıb.

“Burada təkcə Türkiyənin deyil, bütün İslam dünyasının böyük lideri var. Onun liderlik keyfiyyətləri bizi çox sevindirir”.

O, Pakistanın Türkiyə ilə qardaşlıq münasibətlərinin inkişafı üçün hər cür səy göstərəcəyinə əminliyini bildirib.

“İki can, bir ürək. “Yaşasın Pakistan-Türkiyə dostluğu” deyən Şahbaz Şərif gurultulu alqışlarla çıxışını tamamlayıb.

P.ƏMİRCANOV
XQ

Seçilən
10
xalqqazeti.az

1Mənbələr