İddia sənədi Daimi Arbitraj Məhkəməsinə təqdim edilib
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ağır cinayətlər sırasında ekoloji cinayətlərin də miqyası çox böyükdür. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra biz görürük ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı da düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi terror nəticəsində regionun ekologiyası üçün ciddi təhlükələr yaranıb. Belə ki, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib. Dövlətimiz Ermənistanın bu cinayətləri ilə əlaqədar beynəlxalq məhkəmə instansiyalarına müraciət edir.
Bern Konvensiyası əsasında...
Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin məlumatına görə, fevralın 12-də Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya (“Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. İddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb. Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib.
Qeyd edək ki, 2023-cü il yanvarın 18-də Azərbaycan sözügedən dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün Ermənistana arbitraj bildirişi göndərib. 2023-cü il sentyabrın 15-də arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək, 2024-cü il aprelin 12-də Haaqadakı Sülh Sarayında Azərbaycan ilə Ermənistan arasında ilk prosedur iclası keçirilib. Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir.
Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanın işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir.
BMT-nin Ətraf Mühit Proqramı da faktları təsdiqləyir
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaşı 2000-dən çox olan qədim ağacların olduğu Azərbaycanda minlərlə hektar xüsusi mühafizə olunan və qiymətli meşənin zərər gördüyünü bildirib. Bu qoruqlardan bəziləri Bəsitçay vadisindəki Şərq çinarı meşəsi kimi nadir və kövrək ekosistemləri qorumaq üçün yaradılmışdı. UNEP hesabatında Oxçuçayda yüzlərlə balığın ölü tapıldığını əlavə edərək, əvvəllər işğal olunmuş ərazilərdə mədənçiliyin “suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə” səbəb olduğunu sənədləşdirib. İşğal zamanı Ermənistan tərəfindən törədilən hərəkətlər hələ də bir neçə qorunan balıq və amfibiya növünü təhdid edir.
Ədalətin təmin edilməsi üçün...
Azərbaycan ədalətin təmini istiqamətində fəaliyyətini davam etdirəcək və Ermənistanın qanunsuz işğalı zamanı ətraf mühitin, heyvan növlərinin və yaşayış yerlərinin məhvi və qorunmaması ilə bağlı bu ölkəni beynəlxalq məsuliyyətə cəlb edəcək.
Göründüyü kimi, Azərbaycan tərəfindən qaldırılan dövlətlərarası iddiada qeyd olunur ki, digər öhdəliklərlə yanaşı, Ermənistan bütün vəhşi flora və faunanın populyasiyalarını qorumaqla bağlı Bern Konvensiyasından irəli gələn hüquqi öhdəliklərini, xüsusilə də, vəhşi flora və fauna mühitinin qorunub saxlanılmasını, bərpasını və təkmilləşdirilməsini təmin etmək üzrə öhdəliyini kobud surətdə pozub. Birləşmiş Millətlər Təşkilatının Ekosistemlərin Bərpası Onilliyinə uyğun olaraq, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın dünyanın ən zəngin və bioloji müxtəlif ekosistemlərindən birini işğal dövrü ərzində məhv etməsini pisləməyə çağırır. Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir.
Hələ 2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “xüsusi mühafizə olunan və qiymətli meşələr”in qorunmadığını qeyd edib. Laçında yerləşən “Dəmirli-1” mədəninin, Qalaça su elektrik stansiyasının və Çardağlı mədəninin tikilməsi üçün yaşayış yerlərinin məhv edilməsi də daxil olmaqla, meşələrin qırılmasının ifrat dərəcəsini göstərən əyani dəlillər mövcuddur. Ermənistanın bu addımları çayların, o cümlədən həmin ölkədən Azərbaycan ərazisinə axan transsərhəd çayların həddindən artıq çirklənmə səviyyəsinə gəlib çıxmasına da səbəb olub.
Nardar BAYRAMLI