“Məşhurların həyatına olan maraq sosial, psixoloji və mədəni amillərlə əlaqəli bir mövzudur. İlk növbədə bu mövzuya toxunanda insanların məhşurların həyatına olan bağlantısından danışmaq lazımdır. İnsanlar məşhur insanların həyatına baxaraq özlərinin orada uğurlarını görməyə çalışırlar. Məşhur cəmiyyətin özünə model aldığı və idealizə etdiyi şəxslərdir. İnsanlar məşhurları izləyərkən onların həyatına bir növ pəncərə kimi baxırlar. Məşhurların şəxsi həyatını bilmək və hər dəfəsində o həyatları izləyərək onları bir parçasına çevirir. Yəni insanları rutin gündəlik həyatından uzaqlaşdıraraq, "ən maraqlı" günləri yaratmaq kimi vəziyyətlər yaradır”. Bu sözləri şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, insanlar özlərinin öyrəşdiyi ideallar və rol modellərinin axtarışındadır və rol modellərini adətəndə məşhurların həyatında tapmaq istəyirlər: “Uğur necə ola bilər?, bolluq, zənginlik içində olan həyat necə ola bilər?, maraqlı gündəlik rutin həyatı necə olmalıdır? sualları insanları daim maraqlandırır. Görürük ki, bununla maraqlanan insanlar adətən gələcək həyatlarının uğurlu ola biləcəyini düşünən yaxud da gələcəyində heç bir uğura sahib olacağını inanmayanlardır. Bir xətt üzrə gedən, daim maraq dairəsi dolu olan şəxslər bir o qədər də məşhurların həyatına takılmış vəziyyətdə qalmırlar. Bu vəziyyətdə biz məşhurların maraq dairəsində olan insanları iki hissəyə bölürük. Birincisi hal-hazırda bir planları olmayan və gələcəkdə gündəlik həyat tərzlərini elə qurmaq üçün məşhurları izləyən insanlar və yaxud da heç kim olduğunu dərk etmiş, heç vaxt uğur qazana bilməyəcəyinə inanan şəxslərdir”.
İlahə Adil həmçinin bildirib ki, bir çox insanlar məşhurların ictimai həyatları ilə yanaşı, onların şəxsi həyatlarını da izləyirlər: “Bu onlara məhşurun tək peşəkarlıq aspektindən deyil, eyni zamanda şəxsi həyatında uğurun necə olduğunu da göstərir. Əlbətdə məşhurların həyatlarına maraqların müsbət və mənfi təsirləri var. Müsbət tərəfi insanların məşhurların həyatından ilham alması və həyatlarını daha yaxşı şəkildə yönləndirə bilməsidir. Eyni zamanda sosial media məşhurların həyatlarını yaxından izləmə və əlaqə yaratmaq üçün əlçatan variantlardan biridir. Mənfi tərəfləri isə məşhurların şəxsi və özəl sərhədlərinin pozulmasına səbəb ola bilir ki, onlar hal-hazırda bundan çox əziyyət çəkirlər. Eyni zamanda insanlar məşhurların həyatları ilə öz həyatlarını müqayisə edərək daim yüksək gözləntilər qura bilirlər. Bu da sonda özgüvənsizliyə, xəyalqırıqlığına gətirib çıxarır”.