Ankara, 14 fevral, AZƏRTAC
Ankarada fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) Qarabağ Müharibəsi Əlilləri, Qaziləri və Şəhid Ailələri İctimai Birliyi ilə birlikdə bir sıra layihələrin həyata keçirilməsini planlaşdırır.
Bu barədə AZƏRTAC-a TADİV-in nümayəndəsi Əvəz Səfərov bildirib.
Onun sözlərinə görə, bəzi tədbirlər Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərinin beşinci ildönümünə həsr olunacaq.
Ə.Səfərov qeyd edib ki, iki ictimai qurum arasında əməkdaşlıq Memorandumu 27 noyabr 2024-cü il tarixində Türkiyənin paytaxtında TADİV-in rəhbəri, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar və Qarabağ Müharibəsi Əlilləri, Qaziləri və Şəhid Ailələri İctimai Birliyinin nümayəndəsi Aris Məmmədov tərəfindən imzalanıb.
TADİV-in nümayəndəsi əlavə edib: “Hesab edirik ki, 44 günlük Vətən müharibəsində Zəfər mövzusunda keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin qardaş ölkədə təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir”. O, bu gün, fevralın 14-də Qarabağ Müharibəsi Əlilləri, Qaziləri və Şəhid Ailələri İctimai Birliyinin Azərbaycanda dövlət qeydiyyatına alınmasının 24-cü ildönümünün tamam olduğunu xatırladıb. “Təşkilatın filialları ölkəmizin 78 yaşayış məntəqəsində fəaliyyət göstərir, onlar qazilərin və şəhid ailələrinin problemlərinin həllinə öz töhfəsini verir”, - deyə A.Səfərov vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara