ABŞ prezidenti Donald Tramp vəzifəyə gələn kimi milyarder iş adamı İlon Maskı Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbər təyin etdi və Maska hökumət qurumlarına giriş imkanı verən fərman imzaladı. ABŞ-ın 14 ştatı milyarder İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin direktoru olmasının konstitusiyaya uyğun olmadığını əsas gətirərək Maska və prezident Donald Trampa qarşı iddia qaldırıb.
Hafta.az-ın “The Hill” qəzetinə istinadən yazdığına görə, Nyu Meksiko, Arizona, Miçiqan, Kaliforniya, Konnektikut, Havay, Merilend, Massaçusets, Minnesota, Nevada, Oreqon, Rhode Island, Vermont və Vaşinqton ştatları Tramp, Mask və DOGE-yə qarşı iddia qaldırdıqlarını açıqlayıblar.
14 ştatın təqdim etdiyi petisiyada Maskın DOGE-nin meneceri olaraq tutduğu vəzifənin “qeyri-konstitusiya” olduğu, ABŞ milyarderinə verilən səlahiyyətin isə “nəzarətsiz güc” olduğu bildirilib. Maskın Senatda namizəd göstərilmədiyi və ya təsdiq edilmədiyi bildirilən petisiyada ABŞ milyarderinin DOGE-nin meneceri vəzifəsini icra etməsinin “konstitusiyaya zidd” olduğu irəli sürülüb.
"Bu vəziyyətin millət üçün yaratdığı riskdən xəbərsiz olan prezident Tramp, Konqresdən lazımi, qanuni icazə və onun fəaliyyətinə ağlabatan nəzarət olmadan cənab Maska faktiki olaraq yoxlanılmamış səlahiyyətlər verib", - müraciətdə deyilir. Maskın “əsasən hökumət qurumlarının idarəçiliyinə verilən səlahiyyəti məhdudiyyətsiz və güclər bölgüsünə zidd olaraq xaos nümayəndəsinə çevirdiyi” iddia edilən müraciətdə milyarder iş adamının səlahiyyətlərinə xitam verilməsi istənilib.
Digər tərəfdən Mask sahibi olduğu X sosial media hesabından verdiyi açıqlamada Trampın prezident fərmanlarına qarşı son günlər açılan məhkəmə iddialarına reaksiya verib. "Hər hansı hakim hər hansı bir yerdə prezidentin hansısa hərəkətini dayandıra bilərsə, biz demokratiyada yaşamırıq" deyib Mask.
Milyarder iş adamı Maskın idarə etdiyi DOGE, yanvarın 20-də ABŞ prezidenti kimi and içən Donald Tramp tərəfindən "federal israfın qarşısını almaq" məqsədi ilə yaradılıb.